Tahir Gözəl: “Xocalı hadisəsi cahilliyin törətdiyi qətliamdır”

Qan tariximiz heç vaxt unudulmur. 23 il öncə Qarabağda, Xocalı şəhərində törədilmiş soyqırım faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Faciənin 23-cü il dönümündə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubu ziyarət edib. O, komanda üzvləri ilə birgə faciəni yad edib. Günorta saatlarında baş tutan görüşdə öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan Gözəl baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu qeyd edib. Tahir bəy yaradılış qayəmizdən danışaraq qeyd etdi ki, yer üzərinin bütün insanları eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki tamaha yenilərək Xocalı kimi faciələri törədirlər. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirib. Xocalıda qətl edilən uşaqların sadəcə, Azərbaycanın deyil, bütün insaniyyətin övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.

Tahir bəy baş verən hadisəni cahiliyyətin törətdiyi qətliam adlandırıb. Tahir bəy tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu söyləyib. Qarabağ adının “Qarabağ”la fərq yaratdığını, bu adı ən qürurlu şəkildə daşıdıqlarını ifadə edib. “Qarabağ”ın 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisi olduğunu bildirib. “Qarabağ” adının onları daha məsuliyyətli olmağa vadar etdiyini bildirib. Başqan hər kəsi Xocalı faciəsini düşünməyə çağırıb. İnsanlıq tarixində bir daha belə faciələr yaşanmaması üçün insanlıq sevgisiylə yaşamağın önəmini vurğulayıb.

Həmin kateqoriyadan