Tarixi uğurdan 15 il ötür

Tarixi uğurdan 15 il ötür

2011-ci il oktyabrın 14-ündə ölkəmizin qadın voleybolçulardan ibarət “Rabitə” klubu Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının qalibi olub. Allsport.az saytı xəbər verir ki, finalda Türkiyə “Vəqfbank”ını 3:0 hesabı ilə yenən Bakı təmsilçisi voleybol tariximizin ən böyük uğuruna yetişib. 4 gün sonra komandamızı Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. O, çıxışında həmin dövrdə voleybolun çox uğurla və sürətlə inkişafda olduğunu deyib:

“Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. “Rabitə” voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanmışdır. Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən bilirəm ki, “Rabitə” komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq etmişdir. Keçən Avropa çempionlar liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir.

Bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir. Çox gözəl ənənələr vardır. Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də vardır. Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, “Rabitə” komandası ən yüksək zirvəni fəth etmişdir.

Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün idman azarkeşlərini, Azərbaycan xalqını sevindirmisiniz. Bizim idmanla bağlı bütün təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu böyük qələbədir. Həm klubu, həm federasiyanı, idman mütəxəssislərini təbrik edirəm. Bu, ümumi qələbədir, əlbəttə ki, ilk növbədə oyunçuları təbrik edirəm”.

Böyük uğurda çox insanın əməyi var. Amma mən tanıdıqlarımın adlarını çəkəcəyəm. Onlar pərdə arxasında çox iş görüblər: “Rabitə”nin prezidenti Cəlil Cəfərov (hazırda AVF-in rəhbərinin müşaviri və AVK-nın idarə heyətinin üzvü), təşkilatçı direktor Nəsimi Musayev (badminton və güləş federasiyalarının keçmiş baş katibi), klubun meneceri Şahlar Məmmədov, mətbuat katibi İlqar İmamquliyev (yeganə beynəlxalq dərəcəli voleybo meneceri, “İl`Azero” idman geyimi şirkətinin təsisçisi), klubun mühafizə xidmətinin başçısı Bəxtiyar Quliyev.

Oyun baxımında baş məşqçi Zoran Qayiçin (hazırda Serbiyanın idman naziridir) və millimizin aparıcı hücumçusu və bu komandanın kapitanı Natalya Məmmədova əməyi böyükdür. Heyətdə 2-ci məşqçi Eldar Yusubov, həkim Mərdan Vəliyev, hücumçular – Nataşa Osmokroviç (Xorvatiya), Sanya Staroviç (Serbiya), Dobriana Rabaciyeva (Bolqarıstan), Kimberli Qlas (ABŞ); toppaylayıcılar – İrina Jukova (Ukrayna), Pelin Çəlik (Türkiyə), Meri Spayser (ABŞ); sipərçilər – Mira Qoluboviç (Serbiya), Nataşa Krsmanoviç (Serbiya), Keti Radzuveyt (Almaniya); liberolar – Silviya Popoviç (Serbiya), Yasna Maystoroviç (Serbiya), Mədinə Əliyeva (Azərbaycan).

“Rabitəçilər” ona qədər uzun yol qət ediblər və qarşısına çıxan bütün sədləri aşıblar. 2009-2015-ci illərdə ölkə çempionu olaraq, avrokuboklarda müxtəlif qələbələrə yiyələnblər: CEV kubokunda 3-cü yer (2009/2010), çempionlar liqasında gümüş medallar (2011). Zəfərin davanı növbəti mövsümlərdə də gəlib – klublararası dünya çempionatında 2-ci sıra (2012), çempionlar liqasında gümüş mükafatlar (2013), çempionlar liqasında 3-cü yer (2014).


Həmin kateqoriyadan