Çimərlik voleybolçularımız 9 pillə irəlilədi

Çimərlik voleybolçularımız 9 pillə irəlilədi

Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında Azərbaycan komandalarının çıxışı başa çatıb.

Allsport.az xəbər verir ki, sentyabrın 2-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən qitə birinciliyində Azərbaycan həm qızlar, həm də oğlanlar yarışında təmsil olunub.

Qızların mübarizəsində Səbinə Əlizadə/Leyla Əliyeva, oğlanlarda isə İbrahim Məmmədov/Məhəmməd Aslanlı cütü çıxış edib. Hər iki cüt mübarizəyə təsnifat mərhələsindən başlayıb.

Səbinə Əlizadə/Leyla Əliyeva cütü təsnifat mərhələsində Portuqaliya təmsilçilərinə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

İbrahim Məmmədov/Məhəmməd Aslanlı cütü isə təsnifat və əsas mərhələni uğurla adlayaraq pley-off mərhələsinə yüksəlib. Ötən Avropa çempionatında 26-cı yeri tutan təmsilçilərimiz bu dəfə daha uğurlu nəticə göstəriblər.

33 ölkədən 40 komandanın mübarizə apardığı yarışda Azərbaycan cütü turniri 17-ci pillədə başa vurub. Beləliklə, İbrahim Məmmədov və Muhamməd Aslanlı ötənilki nəticələrini 9 pillə yaxşılaşdırıblar.

Həmin kateqoriyadan