Azərbaycanlı pilot Formula-4-də fərqləndi

Azərbaycanlı pilot Formula-4-də fərqləndi

Azərbaycanlı Formula-4 pilotu Davin Cəfərov Slovakiyada növbəti testlərini uğurla başa vurub.

Allsport.az xəbər verir ki, idmançı iki gün ərzində “Slovakia Ring” yarış trasında sınaq yürüşlərində iştirak edib.

Testlərin əsas məqsədi pilotun sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək, həmçinin potensial sponsorlara təqdim olunacaq texniki hesabat hazırlamaq olub.

Bu, Davin Cəfərovun Formula-4 bolidi ilə ikinci sınağıdır. İlk testlər Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirilib. Slovakiyadakı sınaqlar isə onun quru trasda Formula-4 bolidini idarə etdiyi ilk təcrübə olub.

Uzunluğu 5,935 kilometr olan “Slovakia ring” trasında pilotun ən yaxşı göstəricisi 2:04.282 saniyə təşkil edib. Bu nəticə ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat vaxtından cəmi 0,75 saniyə geri qalıb.

Komandanın texniki hesabatında Davinin ilk sessiyalardan etibarən bolidə tez uyğunlaşdığı, yüksək idarəetmə bacarığı və sürət potensialı nümayiş etdirdiyi qeyd olunub. Onun mühəndislərlə texniki müzakirələr zamanı verdiyi rəylərin telemetriya məlumatları ilə üst-üstə düşməsi də müsbət qiymətləndirilib.

Komandanın fikrincə, az təcrübəsinə baxmayaraq, Cəfərov təbii sürət hissi, bolid üzərində dəqiq nəzarəti, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşması ilə seçilib.

Yekun rəyə əsasən, Slovakiyadakı testlər azərbaycanlı pilotun Formula 4-də gələcək inkişafı baxımından ümidverici nəticələr ortaya qoyub.

Həmin kateqoriyadan