“WSB Rio olimpiadasına 17 vəsiqə verəcək”

“Baku Fires” klubunun boksçuları Azərbaycan kuboku yarışında 5 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq, qeyri-rəsmi komanda hesabında birinci oldu. Allsport.az xəbər verir ki,  klubun baş meneceri Rizvan Gənciyev ABF-in rəsmi saytına  verdiyi müsahibədə, ölkə kubokunun nəticələri, WSB liqasının yeni mövsümünə hazırlıq və AİBA Proboxing proektindən danışıb.

–  “Baku Fires” klubunun boksçuları Azərbaycan kuboku yarışında 5 qızıl medal qazandı. Yəqin ki, nəticələrdən razı qalmısız?
– Turnirdən öncə güman edirdim ki, 6 boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov ilk görüşdə uduzaraq, ümidlərimizi doğrultmadı. Ümumilikdə, nəticələri qənaətbəxş saymaq olar. Həm də nəzərə almaq lazımdır ki, biz yalnız 8 çəki dərəcəsində təmsil olunurduq. 49 kq çəki dərəcəsində gücünü sınayan Məhəmməd İbiyev bürünc medal əldə etdi. Bu onun üçün pis nəticə deyil. Çünki İbiyev gənc idmançıdır, hələ təcrübəsini artırmalıdır. Klubumuzun bir çox üzvləri ilk dəfə olimpiya boksu yarışında iştirak etdilər. WSB liqası ilə olimpiya boksu tam fərqli turnirdir. Orada idmançılar 5 raund döyüşür. Məsələn, Məhəmməd Qurbanov hələ 2-ci raunddan sonra özünə gəlməyə başladı. Artıq gec idi. O, 3-cü hissədə qalib gəlsə də, bu ümumi qələbəyə yetmədi.

-Xaybulla Musalov turnirin favoritlərindən sayılsa da, o yalnız 3-cü oldu. Onun bu cür uğursuz çıxışını necə qiymətləndirirsiz?
– Həm Musalov, həm də Qurbanov ya rəqibi lazımınca qiymətləndirmədilər, ya da məşq prosseslərinə ciddi yanaşmamışdılar. Hər halda biz bunu təhlil edib, səbəbləri müəyyən edəcəyik. Musalov son Azərbaycan çempionatında çox rahatlıqla qızıl medal qazandı. Hətta əksər rəqiblərini nokautla məğlub etdi. Yəqin fikirləşdi ki, indi də belə olacaq. Amma Kamran Şahsuvarlı yarışa yaxşı hazırlaşmışdı. Bu dəfə Şahsuvarllı Musalovdan Azərbaycan çempionatındakı məğlubiyyətin revanşını ala bildi. Onların uduzması bir tərəfdən yaxşı olıdu. Artıq anladılar ki, rəqabət var. Və istənilən vaxt komandada öz yerlərini itirə bilərlər. Odur ki, bundan sonra bu cür yarışlara daha ciddi yanaşmalıdırlar.

– Oktyabrın 24-də AİBA-nın yeni layihəsi – AİBA Proboxing turniri start götürür. Bu proyektdən nə gözləyirsiz?
– Yeni turnir olduğundan bizim üçün asan olmayacaq. Əvvəlcə 6 raund, final döyüşləri isə 10 raund nəzərdə tutulub. Yarışın sonunda boksçulara Olimpiya oyunlarına lisenziya veriləcək deyə, gərgin rəqabət gedəcək. AİBA Proboxing-də ölkəmizi təmsil edəcək hər 3 boksçumuza uğurlar arzulayıram.

– Sizin klubun üzvü Məhəmmədrəsul Məcidov sonuncu dəfə rəsmi yarışda 1 il əvvəl – Qazaxıstanda dünya çempionatında çıxış edib. Onun üçün çətin olmayacaq ki?
– Bəli, Məcidovun yarış təcrübəsi yoxdur. Həm də nəzərə almaq lazımdır ki, onun rəqibi rumıniyalı Mixay Nistor super ağır çəki dərəcəsində ən güclülürdən biridir. Biz onu WSB liqasından tanıyırıq. Çox sürətli, yorulmaq bilməyən boksçudur. Arslanbek Mahmudov onu yalnız 5-ci raundda nokaut hesabına məğlub etdi. Amma bilirik ki, Məcidov xarakterli idmançıdır. O, qarşısına məqsəd qoyanda buna nail ola bilir. Odur ki, 2 qat dünya çempionumuzun AİBA Proboxing yarışında da uğurla çıxış edəcəyinə inanırıq.

– Olimpiya boksu, WSB ola-ola, AİBA Proboxing-i yaratmağa nə ehtiyac vardı?
– AİBA bayrağı altında çıxış edən bir çox boksçular Olimpiya oyunlarından sonra peşəkarlar arasında döyüşməyə başlayırdılar. Bu onların peşəkar boksda daha çox pul qazanması ilə bağlı idi. AİBA bunun qarşısını almaq üçün AİBA Proboxing layihəsini yaratdı. Məhəmmədrəsul Məcidovun bu yarışda çıxış etməsi üçün AİBA tərəfindən ona 100 000 funt sterlinq ödənildi. Yəni müqavilə şərti belə idi. Əslində Məcidova amerikalı promoterlər tərəfindən təklif gəlmişdi. Onu peşəkar boksa dəvət edirdilər. Amma boksçumuzun qarşısında duran əsas məqsəd Rio Olimpiadasında qızıl medal qazanmaqdır. Ona görə də Məcidov bundan imtina etdi.

– Ümumdünya Boks Seriyasının yeni mövsümünə hazırlıq nə vaxt başlayacaq?
– Biz ilk təlim-məşq toplanışımıza noyabrın 4-də başlayacağıq. Komandamız Elbrus dağının ətəyində dəniz səviyyəsindən 2700 metr yüksəklikdə ümumi fiziki hazırlıq keçəcək. 22 günlük hazırlıqdan sonra 1 həftə istirahət olacaq. İkinci toplanışımız dekbarın 3-dən 24-ə kimi Kislavodskda olacaq. Son olaraq isə Qubada hazırlıq keçəcəyik. Ötən mövsüm olduğu kimi bu dəfə də biz rəqiblərimizi Quba Olimpiya Kompleksində qəbul edəcəyik. Məşqçilərin qarşısına 3 lisenziya qazanmağı məqsəd qoymuşuq. Ümumdünya Boks Seriyası Rio olimpiadasına 17 vəsiqə verəcək. Bu dəfə mövsüm daha gərgin keçəcək. Komandaların sayı artıb. Qrafik də çətindir. Demək olar ki, bir həftədən bir görüş keçirməli olacağıq. Uşaqları zədədən də qorumalıyıq ki, əks halda onlar lisenziyadan məhrum ola bilərlər.

– Komandada nə kimi dəyişikliklər olacaq? Azərbaycan kubokundan sonra hansı boksçuları “Baku Fires”in heyətinə cəlb etməyi düşünürsüz?
– Tural Əhmədov (56 kq), Pərviz Bağırov (69 kq) kimi boksçular yaxşı təsir bağışladı. Onlar yəqin ki, gələn mövsümdə bizim komandanın heyətində olacaq. 49 kq çəki dərəcəsində aşkar lider yoxdur. 60 kq çəki dərəcəsində Elvin İsayevi də götürə bilərik. O, finalda uduzsa da, yaxşı təsir bağışladı. Heybətulla Hacəliyev, Elvin Məmişzadə kimi boksçular komandada qalacaq. 91 kq çəki dərəcəsində bizdə ciddi probləmlər var. Təssüff ki, Teymur Məmmədov 5 raund döyüşə bilmir. Onun üçün çətindir. Heyətin əsasını qoruyub saxlayacağıq. Noyabrda Koreyanın Jeju şəhərində WSB liqasının draftı olacaq. Orada bəzi legionerləri komandaya cəlb edərək, heyəti tam komplektləşdirəcəyik.

Həmin kateqoriyadan