“Фабрика аналитики.Версии.com”da 1-ci Avropa Oyunlarına aid məqalə

Ukraynanın “Фабрика аналитики.Версии.com” internet-portalında “Yaxın vaxtda görüşənədək, Bakı!” sərlövhəli yazısı dərc edilib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, məqalədə 2013-cü ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə bu möhtəşəm yarışların keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Sədr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin edilib. Birinci xanımın bu cür geniş miqyaslı tədbirlər keçirilməsi sahəsində təcrübəsi var: o, Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin də Təşkilat Komitəsinin sədri olub.

Yazıda vurğulanır ki, Azərbaycanda idmanın və olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illərdə Azərbaycan idmançılarının bütöv bir nəsli yetişib, onlar ən nüfuzlu idman yarışlarında çıxış edir, ölkəyə çoxsaylı mükafatlar gətirir, milli idmanın şöhrətini artırırlar. Ümumiyyətlə, Azərbaycan yüksək səviyyəli yarışlar keçirməkdə naşı deyil. Son onillikdə ölkədə 36 beynəlxalq yarış keçirilib. Bu yarışların sonuncusu bədii gimnastika üzrə Avropa çempionatı olub. Bütün bu faktları və əlbəttə, ölkənin durmadan inkişafını nəzərə alaraq birinci Avropa Oyunlarının ev sahibi kimi Azərbaycanın xeyrinə seçim edilməsi tamamilə qanunauyğundur.

Məqalədə Azərbaycan paytaxtının bənzərsiz müasir siması, gözəl arxitektura nümunələri, o cümlədən olimpiya obyektləri barədə ətraflı söhbət açılır. Müəllif qeyd edir ki, bu gün Bakıda ucaldılan bütün idman obyektlərində ən müasir texnologiyalardan istifadə edilməsi sayəsində onlar olimpiya səviyyəli obyektlərə qoyulan ən yüksək tələblərə uyğun olacaqlar.

Yazının sonunda deyilir: “Bu gün Azərbaycan paytaxtının bütün ab-havasında gələcək Olimpiadanın ruhu duyulur. Nəhəng idman obyektlərindəki qaldırıcı kranlar, reklam lövhələri və bilbordlar, Dənizkənarı bulvarda yüngül qaçışla məşğul olan idmançılar, yüzlərlə başqa ştrixlər qarşıdan gələn ilin əsas idman hadisəsi ərəfəsində Azərbaycan paytaxtının mənzərəsini canlandırır. Bakı bütün gözəlliklərini nümayiş etdirmək, öz nailiyyətləri və mədəniyyəti ilə dünyanı tanış etmək, ən güclü idmançılarla qarşılaşmaq və tarixdə ilk Avropa Oyunlarını idmanla maraqlanan hər kəs üçün unudulmaz hadisəyə çevirmək istəyir. Bakı Oyunların keçirilməsinin yüksək səviyyəsi və dillər əzbəri olan qonaqpərvərliyi ilə hamının qəlbini fəth etməyə hazırlaşır. Əgər bəxtiniz gətirib, bu hadisədə iştirak edə bilsəniz, inanın ki, onu həmişəlik yadda saxlayacaqsınız”.

Həmin kateqoriyadan