Yenidən prezident seçildi

Yenidən prezident seçildi

Astanada dünya güləş birliyinin (DGB) növbəti hesabat-seçki konqresi keçirilib.

Allsport.az xəbər verir ki, beynəlxalq güləş ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi konqresdə Azərbaycan güləş federasiyasını (AGF) vitse-prezident Fərid Mansurov və baş katib Pərvin Piriyev təmsil ediblər.

Konqres çərçivəsində DGB-nin hesabat dövrü ərzində fəaliyyəti, beynəlxalq güləşin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı dövr üçün strateji prioritetlər nəzərdən keçirilib.

İclasda güləşin qlobal miqyasda inkişafı, milli federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, idman növünün beynəlxalq nüfuzunun gücləndirilməsi və olimpiya hərəkatındakı mövqeyinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin qarşıdakı olimpiya oyunlarına hazırlıq prosesi, güləş yarışlarının təşkili, idmançıların iştirak və təsnifat meyarları, eləcə də olimpiya dövrü üzrə əsas fəaliyyət istiqamətləri diqqət mərkəzində olub.

Konqresin əsas gündəlik məsələlərindən biri DGB-nin rəhbər və idarəetmə orqanlarına seçkilərin keçirilməsi olub.

Səsvermənin nəticələrinə əsasən, Nenad Laloviç yenidən dünya güləş birliyinin prezidenti seçilib.

Bununla yanaşı, DGB bürosuna keçirilən seçkilərin nəticələrinə əsasən, aşağıdakı altı namizəd Büro üzvü seçilib:

  1. Ye Zhang – Çin
  2. Yerkin Okasov – Qazaxıstan
  3. Vladimir Bregoviç – Xorvatiya
  4. Francisco Lee Lopez – Qvatemala
  5. Fouad Meskout – Mərakeş
  6. Don Ryan – Kanada

Azərbaycan güləş federasiyası DGB-nin yenidən seçilmiş prezidenti Nenad Laloviçi və büro üzvlərini təbrik edir, onlara beynəlxalq güləşin davamlı inkişafı, olimpiya dəyərlərinin təşviqi və milli federasiyalar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində uğurlar arzulayır.

Həmin kateqoriyadan