36 oyunluq seriya qırıldı

Allsport.az xəbər verir ki, “Qarabağ” Azərbaycan premyer liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb. 35-ci turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.

2021/22 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.

Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.

Həmin kateqoriyadan