20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate yarışının açılış olub

Bakı idman sarayında “Arpaçay” klubunun və milli karate federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ənənəvi beynəlxalq turnirin açılışı olub. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir. Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.

AMPK-nın prezidenti Yaşar Bəşirov karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.

Sonda beynəlxalq turnirin təşkilində əməyi olan şəxslər təltif ediliblər. Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır. Turnirin birinci günündə təşkil olunan kata yarışlarında bütün yaş qruplarında idmançılar çıxış ediblər.

Həmin kateqoriyadan