Bakıda 25 min ABŞ dolları mükafat fondu olan olimpiya təsnifat yarışı

Tokio-2020 yay olimpiya oyunlarına təsnifat xarakterli badminton yarışlarından biri Bakıda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan “Azerbaijan International-2019” 6-9 iyunda Bakı İdman Sarayında təşkil olunacaq. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.

Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir. Doğrudur, badminton 3 il əvvəl ölkəmizin təşkilatçılığı 1-ci Avropa oyunlarının proqramına daxil idi, amma o vaxt 30 idman növündən biri idi. Azərbaycan təkcə idman nailiyyətləri ilə deyil, həm də irimiqyaslı nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq medianın, həmçinin dünya çapında xüsusi çəkiyə malik tanınmış mütəxəssislərin böyük rəğbətini qazanıb. Ümidvarıq ki, peşəkar badmintonçuların “Azerbaijan International 2019” turniri də istisna olmayacaq və Bakı turnirində yeni beynəlxalq standartlar müəyyənləşəcək. Badmintonçularımızın son beynəlxalq turnirlərdə qalib olması bu idman növünə marağı bir qədər də artırıb. Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonin Belarusun Minsk şəhərində keçirilən, “International Challenge” kateqoriyalı “Belarus International 2018” turnirində həm şəxsi, həm də qoşa yarışlarda 1-ci olması ölkə badmintonu adına tarixi hadisədir.

Ümumiyyətlə, son illər milli komandanın üzvləri Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Murad Bayramov mütəmadi olaraq, Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan müxtəlif kateqoriyalı yarışlarda iştirak edir. Yeniyetmə və gənc badmintonçularımız Vaqif İsmayılov, Adəm Əliyev, Rəvan Niftəliyev, Aqil Qəbilov, Zaur İsazadə davamlı olaraq, müxtəlif beynəlxalq turnirlərə ezam olunur.İnanırıq ki, olimpiya lisenziyalı yarış həm də Azərbaycanda badmintonun daha da populyarlaşmasında, inkişaf etməsində yeni mərhələ olacaq, eləcə də gənclərin bu idman növünə üz tutmasında yeni səhifə açacaq.

 

Həmin kateqoriyadan