“2907” şüarı ilə ciu-citsu üzrə respublika seminarı

Azərbaycan-Braziliya ciu-citsu federasiyası “2907” şüarı ilə 2-ci Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ümumrespublika seminarı keçirib. Allsport.az saytı xəbər verir ki, toplantı onların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri açıq elan edən bu döyüş sənətinin Azərbaycanda banisi Taleh Həsənov, eyni zamanda 1-ci Qarabağ savaşı veteranı kimi uzun illərdir həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmağın sevinci ilə bu günləri yaşamağın böyük qürur hissi doğurduğunu deyib.

ABCCF-in prezidenti Aqil Acalov öz çıxışında pandemiyanın gətirdiyi fəsadlardan, onun idmançılara mənfi təsirindən danışıb. O da öz növbəsində, idmançıların üzərinə düşən böyük məsuliyyətli vəzifədən, onların post pandemiya dönəminə hazır olmasının vacibliyindən danışaraq öz tövsiyələrini verib.

Sonra çıxış edən federasiyanın vitse-prezidenti Rüfət Həsənov, öz növbəsində, vətənpərvərlik mövzusundan danışıb. O, hər bir idmançının bu ruhda olmasının vacibliyini vurğulayıb. Bildirib ki, ölkəmizin beynəlxalq aləmdə tanınması, adının hallanması, bayrağının dalğalanmasında idmançılarımızın əvəzsiz rolu var.

Məşğələ federasiyanın vitse-prezidenti Anar Səfərovun müşayiəti ilə keçirilib. Seminarda bir sıra fəndləri göstərilib, bu idman növünün incəlikləri idmançılara nümayiş etdirilib. Sonda keçirilən sınaqla bəzi idmaçılara növbəti kəmər dərəcələri təqdim edilib.

Həmin kateqoriyadan