- Baxış sayı: 44
- 01 İyul 2026 20:37
- Baxış sayı: 97
- İyul 01, 2026
- 0

Beynəlxalq velosipedçilər ittifaqı Azərbaycan velosiped idmanı federasiyasına may ayında keçirilmiş “Bakı-Xankəndi” yarışı ilə bağlı yekun qiymətləndirmə hesabatını təqdim edib.
Allsport.az saytı xəbər verir ki, raportda yarış “gələcək üçün böyük potensiala malik, yaxşı təşkil olunmuş tədbir” kimi qiymətləndirilib.
Sənəddə qeyd olunub ki, yarış zamanı təhlükəsizlik yüksək səviyyədə təmin edilib, polis və tibb xidmətləri peşəkar fəaliyyət göstəriblər.
Tamaşaçı marağı, marşrutun xüsusiyyətləri, mərhələlərin məsafələri, əlverişli hava şəraiti və yarışın keçdiyi mənzərələr də müsbət qiymətləndirilib.
İttifaq komandaların yerləşdirilməsi ilə bağlı yüksək keyfiyyət və yaxşı təşkilatçılığı xüsusi qeyd edib. Hesabatda bütün iştirakçıların yerləşdirmə, qidalanma və onlara yaradılan şəraitdən razı qaldığı vurğulanıb.
Televiziya yayımı qənaətbəxş qiymətləndirilib, yayımı həyata keçirən peşəkar, təcrübəli və yaxşı təchiz olunmuş heyətin fəaliyyəti yüksək dəyərləndirilib.
Təşkilatçılıqla bağlı bölmədə isə yarışın ümumilikdə bütün istiqamətlər üzrə yaxşı səviyyədə təşkil edildiyi bildirilib. Bununla yanaşı, bəzi məqamların gələcəkdə təkmilləşdirilməsinin məqsədəuyğun olduğu qeyd olunub.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı-Xankəndi” yarışı mayın 10-14-də keçirilib. Yarışda dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda, o cümlədən 1 Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda iştirak edib.
Velosipedçilər mayın 10-da Bakıda yerləşən “Dəniz küləyi kurort”dan start götürərək beş gün ərzində Bakı şəhəri ilə yanaşı, ölkənin daha 20 şəhər və rayonundan keçməklə 850 kilometrdən çox məsafə qət ediblər. Yarış mayın 14-də Xankəndi şəhərində başa çatıb.
Yarışın bütün mərhələləri “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanıb.