Bakı–Xankəndi veloturunda “XDS Astana”dan 2 fəxri kürsü

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi yarışında 3-cü mərhələ başa çatdı. Allsport.az saytı xəbər verir ki, bu ötüşmə günündə qoşatəkərçilər Qəbələdən Mingəçevir şəhərinədək 162,9 km məsafə qət etdilər. Mərhələ daha çox sprint təsnifatı ilə seçildi və ən sürətli velosipedçilər arasında liderin dəyişməsi ilə yadda qaldı.

3-cü yarış gününün qalibi Qazaxıstanın “XDS Astana” dünya turu komandasının velosipedçisi Qleb Siriça oldu. O, 3 saat, 26 dəqiqə, 43 saniyə göstərici ilə finiş xəttini 1-ci keçdi. Xatırladaq ki, 2-ci mərhələnin qalibi bu heyətin digər üzvü Yevgeni Fyodorov olmuşdu.

Belçikanın “Tarleltto-Izorex” kontinental komandasının üzvü Timoti Düpon bu mərhələdə 2-ci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə 3-cü nəticə göstərib.

3 mərhələdən sonra “XDS Astana”nın üzvü Yevgeni Fyodorov ümumi təsnifatda liderliyini və “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyi özündə saxlayır. “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi isə bu komandanın digər üzvü, 3-cü mərhələnin qalibi Qleb Siriça ələ keçirib.

Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan hava yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb.

Fərqlənən velosipedçilərə mükafatları Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan velosiped idmanı federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim etdilər.

Sabah keçiriləcək 4-cü mərhələdə velosipedçilər Gəncə – Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan marşrutu üzrə hərəkət edərək 152,8 km məsafə qət edəcəklər.

Həmin kateqoriyadan