- Baxış sayı: 49
- 13 May 2026 10:00
- Baxış sayı: 33
- May 14, 2026
- 0

Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi veloturuna yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, 5-ci yarış günündə iştirakçılar Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə 181,5 km məsafə qət etdilər.
Ağır dağ mərhələsi İspaniyanın “Burgos Burpellet PH” pro-kontinental komandasının velosipedçisi Coş Börnerin solo-finişi ilə yadda qaldı. O, 4 saat, 16 dəqiqə, 35 saniyə göstərici ilə hamını qabaqladı. Qazaxıstanın “XDS Astana” dünya turu komandasının üzvü Henok Mulubrhan 4-cü mərhələdə olduğu kimi, bu dəfə də 2-ci oldu. İlk üçlüyü “Burgos Burpellet PH” klubunun digər velosipedçisi Erik Antonio Faqundes tamamladı.
Sonuncu mərhələ həm də ümumi təsnifatın liderinin dəyişməsi ilə yadda qaldı – günün qalibi Coş Barnet “Silkway West Airlines” tərəfindən təqdim olunan və Azərbaycan velosiped yarışının lider idmançısına verilən mavi köynəyə sahib çıxdı. Ümumi təsnifatda 2-ci yeri “XDS Astana”nın üzvü Henok Mulubrhan, 3-cü yeri isə İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun təmsilçisi Aleksandr Balmer tutdu.
Henok Mulubrhan sonuncu mərhələdəki çıxışı ilə “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi də qazandı. Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan hava yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri köynəyini, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxladı.
Yarışın ən yaxşı komandası adını “Burgos Burpellet PH” pro-kontinental klubu qazanıb. Digər pro-kontinental kollektivlər “Bardiani CSF 7 Saber” (İtaliya) və “Equipo Kern Pharma” (İspaniya) müvafiq olaraq 2-ci və 3-cü oldu.
Fərqlənən velosipedçilərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Zaur Axundov, federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov, eləcə də “BST Logistik Company Limited” şirkətinin birinci vitse-prezidenti Lin Jin təqdim etdilər.
Bakıdan başlayıb Xankəndi şəhərində bitən yarış iscəsənət ustalarının konsert proqramı ilə başa çatdı.