Ümumdünya velosiped gününə yürüş

3 iyun münasibətilə Bakıda keçirilən veloyürüş bu nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb. Allsport.az saytı xəbər verir ki, start və finiş nöqtələri Dövlət Bayrağı meydanı olan tədbirdə iştirak edən peşəkar və həvəskar velosipedçilər dənizkənarı bulvar ərazisi ilə hərəkət ediblər.

Veloyürüş çərçivəsində iştirakçılar Beynəlxalq velosipedçilər ittifaqı tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.

Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Həmin kateqoriyadan