“Arzum budur ki, bu velosiped yarışı bütün ölkəni əhatə etsin, Zəngəzur dəhlizindən keçib Naxçıvanda bitsin”

“Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə velosiped bölmələrini yaratmışıq. Bu, Qazaxda da nəzərdə tutulur, həmin rayon idman paytaxtı seçilib. Orada da bizim idmana maraq böyükdür”. Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov dedi. Onun fikrincə, Bakı-Xankəndi velosiped yarışı bölgələrdə bu idman növünə marağı birə-beş artıracaq:

“Həvəs olan yerdə, bizsiz də bu işlər gedir. Balakən, Şəki və Qaxda keçirdiyimiz yarışlarda ürəkaçan mənzərə gördük. Yerli insanlar həvəslə gəlib velotura baxırlar. Bakı-Xankəndi yarışı da istisna deyil. Məsələn, xarici təşkilatçılardan biri mənə bir şəkil göstərdi. Yolun kənarında uzun saqqallı yaşlı bir kişi velosipedçiləri müşahidə edirdi. Dedi ki, bu gözəl görüntüdür, mütləq yaymaq lazımdır. Hər mərhələnin startında yerli velosipedçilər tərəfindən nümunəvi çıxışlarda da istedadlı uşaqlar gözə dəyir”.

2.1 dərəcəli Azərbaycan velosiped yarışının təşkilat komitəsinin sədri onu da əlavə etdi ki, Qarabağ universitetinə 100 ədəd velosiped hədiyyə olunub. Məqsəd, elm və təhsil nazirliyi ilə Azərbaycan həmkarlar ittifaqı konfederasiyasının maddi imkanları sayəsində bölgələrdə bu idman növünü inkişaf etdirməkdir: “Son 7-8 ayda 15 rayon-şəhər mərkəzində velosiped bölmələri yaratmışıq. Maraq çox böyükdür, amma təşkilatçılıq lazımdır. Ümidvaram ki, ildən-ilə bu idman növündə kütləvilik artacaq”.

Sahib müəllim yaxın gələcəkdə Azərbaycan velosiped yarışının coqrafiyasının genişləcəyini də dedi: “Bizim yollarımız əlverişli və təhlükəsizdir. Belə yarışlar üçün düz, dərə, enişli-yoxuşlu yollar lazımdır. Arzum budur ki, Azərbaycan velosiped yarışı ölkə üzrə dövrə vurub bir nöqtədə bitsin. Ola bilər, o zaman mərhələ daha çox oldu. Kəlbəcərdən sonra əsas hədəfimiz yürüşün Naxçıvana qədər uzanmasıdır. Zəngəzur dəhlizindən keçib yarışı Naxçıvanda bitirək”.

Kamran HACI, Naftalan

Həmin kateqoriyadan