- Baxış sayı: 224
- 14 May 2026 17:10
- Baxış sayı: 39
- May 15, 2026
- 0

9 ildən sonra böyük qoşaçarx bayramı yenidən Odlar yurduna döndü. Bu dəfə Azərbaycan turunu Bakı-Xankəndi yolu üzrə Azərbaycan velosiped yarışı əvəzlədi. Tarixi rəqabətdə ölkəmiz hələlik klub deyil, milli tağım şəklində qatıldı. Öncəkilərdən fərqli, bu dəfə baş məşqçimiz də özümüzküdür, əsas seçmənin keçmiş öncülü Elçin Əsədov. O, Bakı-2015 ilk Avropa oyunları və Tokio-2020 yay olimpiya oyunlarının iştirakçısı, “Əziz Şuşa” beynəlxalq veloyürüşünün qalibi olub; hazırda “idman səfiri” və Türkiyənin “Sakarya” qitələrarası velosiped klubunun rəhbəridir. Xankəndidə 5-ci mərhələ başa çatdıqdan sonra həmyerlimlə ayaqüstü söhbətləşib, veloturun ümumi nəticəsi və yaxın gələcəkdə hədəfi barədə fikrini öyrəndim:
“Nüfuz üçün bu möhtəşəm yarışdır. Bu veloturda hər mərhələnin özünəməxsus ritmi və nəticəsi vardı. Bizim ilk məqsədimiz milli komanda şəklində qatılıb gənclərə fürsət vermək idi. Ölkə daxilində hər il bu cür səviyyəli beynəlxaq yarışın təşkili yerli velosipedçilərin inkişafına böyük təkan verəcək. Çünki xeyli müddətdir idmançılarımız yarışda iştirak etmirdilər və bu üzdən təcrübəyə malik deyldilər. Maşallah, indi təcrübə üstünə təcrübə gəlir.
İlk mərhələ sprint idi, velosipedçilər düz yolda ötüşdülər. 2-ci raund çox küləkli oldu. Hər kəs onun ən çətin sınaqlardan olduğunu bilir. Əvvəllər keçirilmiş Azərbaycan turunda İsmayıllı mərhələsi ağır yarışmalardan sayılırdı. 3-cü hissə də sprit idi, sürət baxımından hamı bir-birinə nəzarət etdi, gənclər üçün yaxşı fürsət yarandı və bu mərhələ çox tez bitdi.
4-cü etap eyni şəkildə davam etdi, amma sonuncu ötüşmə – dağlar, diklər, enişlər – ən çətin mərhələ oldu. Ən əsası, bu yarış qəzasız bitdi, təşkilatçılar üçün bu çox önəmlidir. Bu veloturda iştirak edən komandaların menecərləri ilə çoxlu təmaslarım vardı. Onlar ölkəmizə vurulduqlarını bildirdilər, təşkilatçılıqdan və təbiətdən zövq aldıqlarını dedilər. İlk səfərdə hansısa səhvlər ola bilər, təbiidir, amma bu qədər marağın olacağını heç kim gözləmirdi.
Sosial şəbəkələrdə dayanmadan tərif yağdırırdılar: komandaların çox olması, gözəl mənzərə hər kəsdə xoş ovqat yaratmışdı. Bu da çox qürurludur. Allah qoysa, gələn il yarışı daha üstün keçirərik. Ən əsası, gənc idmançılar üçün ilhamverici idi. Çox güman, növbəti mövsümdə klub şəklində çıxış edərik. Necə ki, əvvəllər Azərbaycan turunda “Sinerji Baku velosiped layihəsi” qitələrarası komandası ilə təmsil olunurduq. Bu, hələ başlanğıcdır, böyük nəticələr qabaqdadır”.
39 yaşlı mütəxəssis millimizdən nəticənin gözlənildiyini kimi olduğunu dedi: “Əsas hədəf velosipedçilərin bacardıqca finiş xəttinə özlərini çatdırmaları idi. Bu dəfə ən yaxşı göstərici Musa Mikayılzadədə oldu. Bir dönəm soyuqluq yaşadıq, idmançılar yarışlardan kənar qaldı. İndi təcrübə topladılar. Məsələn, Musa 130 velosipedçi arasında 50-ci oldu. Fikrimcə, başlanğıc üçün pis deyil. Uzun illər sonra təqvimə, əmsala qayıtdıq. Bir məşqçi olaraq ümumi nəticədən razıyam, çünki cəmi 6 aydır məşq edirik. Bir az zaman versələr, yaxşı komanda çıxarıb yüksək yerlər uğrunda mübarizə aparmağa qadirik”.
Kamran HACI, Xankəndi