5-qat dünya çempionu: “Azərbaycan bayrağını ucaltmaq hər bir idmançının borcudur”

“Hər dəfə arenaya çıxanda qalib gəlib Vətənin idman şərəfini qorumağa çalışıram. Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq mənim üçün böyük şərəfdir”. Allsport.az saytı xəbər verir ki, bu sözü Azərtac-a müsahibəsində Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında 5-ci dəfə çempionluğunu bayram edən Rafael Ağayev deyib. O, keçirdiyi hissləri ifadə edərək bunu söyləyib:

“Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Növbəti qızıl medalımı da xalqıma, ailəmə və sevdiklərimə həsr edirəm. Düşünürəm ki, Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirmək hər bir idmançının borcudur. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Federasiya rəhbərliyinə, müəllimlərimə və eləcə də biz idmançılara dəstək olan hər kəsə minnətdaram”.

Xatırladaq ki, 75 kq-da çıxış edən idmançımız finalda misirli Ömər Əbdül Rəhman ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək beşinci dəfə planetin ən güclü karateçisi adına yiyələnib. O, həm də 13 dəfə Avropa çempionu olub. Qeyd: şəkildə Rafael Ağayev ortada dayanıb.

Həmin kateqoriyadan