7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarının təntənəli açılışı

AAAF Park yaşayış kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə Xırdalan və Astara şəhərlərində keçirilən 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarının təntənəli açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə Azərbaycan və dünya idmanının, həmçinin ölkə ictimaiyyətinin tanınmış simaları, olimpiya çempionları, Avropa və dünya çempionatlarının qalib və mükafatçıları, gənclər və idman nazirliyi, milli olimpiya komitəsi, müxtəlif qurumların vəzifəli şəxsləri və digərləri iştirak ediblər. 27 idman növündə 12 ölkədən 4 mindən çox uşaq idmançının qatılacağı möhtəşəm yarışın açılış mərasimi də maraqlı və diqqətçəkən alınıb.

Tədbirdə ilk olaraq oyunlar barədə məlumat verilib. Qeyd olunub ki, “Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən bu oyunlar böyük ənənə halını almaqdadır. Məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Həmçinin bildirilib ki, builki yarışlarda idmançılar ağır atletika, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

Sonra yarışa qatılan bütün idman növləri üzrə hər birindən 12 iştirakçı meydançaya dəvət olunub. Təntənəli marş sədaları altında onların hər biri öz yerlərini tutub, böyük bir idmançı qrupu formalaşıb. Yarışların xüsusi geyimində olan parad iştirakçılarının keçidi böyük alqışlarla müşayiət olunub, rəğbətlə qarşılanıb.

Dövlət “Zirvə” beynəlxalq idman klublarının bayraqlarının qaldırılması mərasimi başlayıb. Klubun bayrağını “Zirvə” oyunlarının 3-qat qalibi Selcan Qarayeva, ölkə bayrağımızı isə debütant, “Toradi-Zirvə”li İranə Qüdrətzadə qaldırıblar. Bu mərasimlə eyni zamanda Azərbaycan himni səslənib.

“Zirvə” oyunlarının açılışının ovqatı daha yaddaqalan edilməsi üçün bədii hissəyə keçilib. Əvvəlcə tanınmış “Natiq” Ritm Qrupu çıxış edərək öz şux ifaları ilə tribunalara toplaşanların əhval-ruhiyyəsini yüksəldib. Sonra gənc mufam ifaçısı Kənan Bayramlının çıxışı dinlənilib. İlk “Zirvə” oyunlarının iştirakçısı Ceyran Heydərli də çıxış edib. O, Azərbaycan və ingilis dillərində bu yarışın əhəmiyyəti barədə danışaraq, Heydər Əliyevin idman irsinin qorunub-saxlanmasının vacibliyini qeyd edib.

Sonda “Zirvə” beynəlxalq idman klublarının prezidenti Tofiq Heydərov yarışları rəsmən açıq elan edib. Çıxışdan sonra “Zirvə” BİK-in marşı səsləndirilib. Səslənmə ilə eyni zamanda böyük atəşfəşanlıq olub.

Həmin kateqoriyadan