ABL-də yeni maliyyələşdirmə modeli

ABL-də yeni maliyyələşdirmə modeli

2026/27 mövsümündən etibarən Azərbaycan basketbol liqasında (ABL) yeni maliyyələşdirmə modeli tətbiq olunacaq.

Allsport.az xəbər verir ki, yeni sistemin əsas məqsədi ölkə basketbolunun keyfiyyətinin artırılması, klublar arasında rəqabətin gücləndirilməsi və azarkeş marağının artırılmasıdır.

Yeni modelə əsasən, ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılacaq. Lakin vəsaitlərin bölüşdürülməsi zəmanətli ödənişlərdən əlavə, klubların nəticələri və müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi əsasında həyata keçiriləcək.

Modelin əsas şərtləri belədir:

Azarkeş dəstəyi: Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 000 manat bonus qazanacaq. Mövsüm ərzində bu şərtin 21 oyunda yerinə yetirilməsi komandaya 63 000 manat əlavə gəlir gətirə bilər.

Qələbə bonusu: Hər qələbəyə görə kluba 10 000 manat veriləcək. Komandalar mövsüm ərzində bu istiqamətdə maksimum 210 000 manat qazana bilərlər.

Yarımfinal bonusu: Pley-offun yarımfinal mərhələsinə yüksələn 4 klubun hər birinə əlavə 150 000 manat ayrılacaq.

Vitse-çempionluq mükafatı: Mövsümü ikinci pillədə başa vuran komandaya 700 000 manat əlavə maliyyə dəstəyi veriləcək.

Çempionluq mükafatı: Azərbaycan çempionu olan klub 1,4 milyon manat əlavə mükafat əldə edəcək.

ABL-də yeni mövsümə başlayan bütün klublara şərtsiz olaraq 300 000 manat ayrılacaq.

Həmin kateqoriyadan