AMKF prezidenti Yaşar Bəşirov kata millisi ilə görüşüb

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Mirhəsən Seyidov kata üzrə milli komanda ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, ötən həftə Serbiyada 53-cü Avropa çempionatında fərdi yarışda qazanılan bürünc medalı və komanda çıxışında 5-ci yerin tutmasını yüksək qiymətləndirilib.

Yaşar Bəşirov Roman Heydərovun fərdi kata yarışlarında daha təcrübəli rəqiblərlə mübarizədə üç il ardıcıl qazandığı bürünc medalı özünəməxsus bir rekord kimi dəyərləndirib. Mirhəsən Seyidov kata istiqamətinin respublikada daha da inkişafı üçün məqsədyönlü tədbirlər görülməyə başlandığını və bu işlərin gücləndiriləcəyini qeyd edib.

Görüşdə, həmçinin idmançıların problemləri müzakirə olunub, məhsuldar çalışmaları üçün onlara müvafiq tövsiyələr verilib. Rəsmilər bildiriblər ki, nəticələrdə müsbət dəyişiklik etmək məqsədilə seminar keçmək üçün xaricdən tanınmış mütəxəssislər dəvət olunacaq.

Tədbirdə mövzulardan biri isə fiziki qüsurlu idmançıların karate ilə məşğul olmasına cəlb edilməsi və təcrübəsi olan əlil idmançıların rəsmi yarışlara hazırlanması olub. Məşqçilər heyətinə bu sahədə iş planının hazırlanması tapşırığı verilib.

Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov, böyük məşqçi Vüqar Kərimov, məşqçi Anar Əhmədov və komandanın kapitanı İsmayıl Quliyev diqqət və qayğıya görə federasiya rəhbərliyinə, eləcə də dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib.

Həmin kateqoriyadan