“Arpaçay” karate klubundan yeni layihə. Naxçıvan MR-in 100 illiyinə idman festivalı!

Bakı idman sarayında ölkənin nüfuzlu karate klublarından olan “Arpaçay” karate klubunun idarə heyəti üzvlərinin, məşqçi-hakimlərin, milli komandanın üzvü olan idmançıların iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni heyət müəyyən edilib, regionlar üzrə təmsilçiləri seçilib. Klubun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, tədbirdə idarə heyətinə yeni üzvlər qəbul edilib, baş məşqçi, kata üzrə məşqçi və baş hakim, eyni zamanda regionlar üzrə nümayəndələr müəyyənləşib:

“Pərvanə Salmanqızı (“Zəfər Yolu” Müharibə iştirakçıları və şəhid ailələrinə humanitar dəstək İB sədri), Fərahim Sadiq (“Öncə Vətən deyənlərə salam olsun!” İB-nin sədri) idarə heyətimizin yeni üzvləri olaraq seçiliblər. Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov “Arpaçay” karate klubunun baş məşqçisi, Mais Mədətov klubun baş hakimi, milli yığma komandasının üzvü Roman Heydərov kata üzrə baş məşqçi, Mahir Məmmədov Gəncə, Sənan Məhərrəmov Sumqayıt, Həsən Quliyev Bakı üzrə regional nümayəndələr, məşqçi Rasim Ağayev klubun Təftiş komissiyasının sədri, məşqçi Toğrul Adilli yarışlar üzrə işçi qrupunun rəhbəri təyin olunublar”.

Sonra yeni layihələrə start verməsi və gələcək planları geniş müzakirə edilib. İclasda ölkə başçısı İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində 2024-cü ilin iyununda İdman döyüş növləri festivalına hazırlıq işləri ilə bağlı məsələlər, o cümlədən açılış mərasimində bədii və rəsmi hissələrin hazırlanması da geniş müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda təşkilat komitəsinin yaradılması həll edilsin. Bakı idman sarayında 17 idman döyüş növü üzrə yarışlar keçiriləcək.

Həmin kateqoriyadan