“Atasport”un çempionluğu rəsmiləşdi

Sentyabrın 23-də ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları son turun oyunlarını keçiriblər. Allsport.az saytı xəbər verir ki, son görüşlər elə bir prinsipial xarakter daşımırdı. Yarışın başa çatmasına 1 tur qalmış “Atasport”(Bakı) qızıl, ötən illərin çempionu “Akkord” isə güşüş mükafatları özlərinə təmin etmişdilər. 3-cü yerə isə Qusarın “Şahdağ” layiq görüləcəyi şübhə doğurmurdu. Çünki Qusar hokkeyçiləri cədvəl qonşusu “Atasport”(Sumqayıt) komandasından 2 xal artıq toplamışdı və son turda Sumqayıt təmsilçisinin liderə qalib gələcəyi o qədər də real görünmürdü.

Mülahizələr özünü əyani surətdə doğrultdu. Bakının “Atasport” klubu elə matçın I hissəsində 8:2 hesabı ilə irəli çıxandan sonra məşqçi Fərid Şahbazov gənc oyunçuları sınaqdan keçirməyə başlayıb. Təcrübəli Sumqayıt hokkeyçiləri bu fürsətdən məharətlə istifadə edərək hesab arasındakı fərqi 2 topa çatdırmağa müvəffəq olublar. 8:6 hesabı ilə başa çatan görüşdə paytaxt hokkeyçilərindən Zabil Ağayev və Aqil Məmmədov hərəyə 3 qol vurublar. Digər 2 topun müəllifi isə Səlim Xalid və Tofiq Muhammad olub. Sumqayıt hokkeyçilərindən Əfqan Mahmudov 3, Əli Nadirov 2 və Kənan Şirinov 1 dəfə fərqləniblər.

Günün ikinci oyunu Bakının “Akkord” və “Şahdağ”(Qusar) komandaları arasında baş tutub. Artıq Sumqayıt hokkeyçilərinin məğlub olması qusarlıların bürünc medallara sahib olmasını rəsmləşdirdiyindən bu görüşün heç bir prinsipial əhəmiyyəti qalmamışdı. Odur ki, rəqiblərin maraqlı hokkey nümayiş etdirilməsinə şərait yaranmışdı. Matçın 1-ci hissəsində Yalçın Qayıbovun vurduğu 2 qol Qusar hokkeyçilərini hesabda 2:0 irəli çıxmışdı. Fasilədən sonra “Akkord”-un gənc oyunçusu Mehman Nuriyev də 2 qol vurararaq hesabda tarazlıq yaradıb. Ancaq məsələ bununla bitməyib. Təcrübəli Saleh Balamiyev 3-cü topu qapıdan keçirərək şirkət təmsilçisinin 362 hesablı qələbəsini rəsmləşdirib.

Beləliklə, 12 görüşdən 32 xal toplayan “Atasport”(Bakı) XIII Azərbaycan çempionatının qalibi olub. “Akkord” 24 xalla II yeri rəsmləşdirib. “Şahdağ” komandası bu gün məğlub olsa da ölkə çempionatını 7 xalla III pillədə başa vurub. 12 oyundan cəmi 5 xal yığa bilən “Atasport” (Sumqayıt) isə bu mövsüm yarışı cədvəlin sonuncu pilləsində başa vurub.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk olaraq bu ilin iyul ayında Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa birinciliyində uğurlu çıxış nəticəsində növbəti mövsümdə qitə çempionatının güclülər dəstəsində mübarizə aparmaq hüququ qazanan ölkəmizin 16 yaşınadək oğlanlardan ibarət seçmə komandasının üzvlərinə və onların məşqçilərinə pul mükafatları verilib. Sonra isə yüksək dəstədə yarışan komandalar mükafatlandırılıb. Hokkeyçilərə Gənclər və İdman Nazirliyinin diplomları, eləcə də federasiya tərəfindən medallar və pul mükafatları təqdim edilib.

Ənənəvi olaraq federasiya tərəfindən “Atasport” klubunun üzvü Saleem Xalid “Ən yaxşı oyunçu”, “Şahdağ” klubunun hokkeyçisi Vüsal Əhmədov “Ən yaxşı qapıçı” və “Akkord”un hücumçusu Saleh Balamiyev isə “Ən sərrast oyunçu” nominasiyasının qalibi kimi mükafatlandırılıblar.

Həmin kateqoriyadan