“Qələbələrin davamını gətirməliyik”

“Qələbələrin davamını gətirməliyik”

“Gəncə” klubunun baş məşqçisi Murad Dikmən FİBA Avropa kubokunun IV turunda Portuqaliya təmsilçisi “Sportinq” üzərində qazanılan qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəni Gəncəyə həsr etdiklərini bildirib:

“Əvvəlcə oyuna gələn bütün azarkeşlərə təşəkkür edirəm. Qələbəmizdə onların da payı var. Zəfərimizi Gəncəyə ərmağan edirik. FİBA Avropa kubokunda ilk mövsümümüzdə ilk qələbəmizi qazandıq. Bu, mənim üçün də çox dəyərlidir. Düşünürəm ki, tarix yazdıq.

Uğurda əməyi olan basketbolçuları, məşqçi və texniki heyəti, eləcə də klub rəhbərliyini təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Heyətimizdə zədəlilər var idi. Kapitanımız Carvis Qarret də zədəli idi. O, iki gün məşq etməsə də, fədakarlıq göstərərək bu gün meydana çıxdı.

Dar rotasiyaya baxmayaraq, yerli basketbolçuların da töhfəsi ilə yaxşı mübarizə apardıq. Təslim olmadıq. Matçın əvvəlini çıxmaq şərtilə, oyunun gedişinə nəzarət etdik. Həm hücumda, həm də müdafiədə inamlı çıxış etdik. Görüşün sonu həyəcanlı olsa da, qələbə qazandıq. Bu uğurun davamını həm Avropa kubokunda, həm də ölkə çempionatında gətirməliyik”.

Həmin kateqoriyadan