Avropa gənclər olimpiya festivalının komanda növlərində bütün qruplar bilinib

Avropa gənclər olimpiya festivalının komanda növlərində qruplar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Bakı-2019-da 3 növ üzrə yarış keçiriləcək. Bunlar voleybol, basketbol və həndboldur. Adları ilk 2 çəkilən növlərdə qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə, püşkatma yalnız həndbolda keçirilib.

Rəqabətdə ümumilikdə 8 komanda arasında keçiriləcək. Oğlan voleybolçuların yarışlarında “A” qrupunda Azərbaycan millisi ilə bərabər, Almaniya, Rusiya, Belarus mübarizə aparacaq. “B” qrupunda Çex Respublikası, İtaliya, Bolqarıstan və Belçika yer alıblar. Qızlarda “A” qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, “B” qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları var.

Basketbolçu oğlanlarda “A”-da Xorvatiya, Fransa, Serbiya və Azərbaycan , “B”-də İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri üz-üzə gələcəklər. Qızlarda “A” qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, “B” qrupunda Çex Respublikası, Türkiyə, Macarıstan və Polşa yığmaları yer alıblar.

Püşkatmanın nəticələrinə əsasən, oğlan həndbolçularda Azərbaycan millisi “A” qrupunda Danimarka, Almaniya, Serbiya ilə qələbə uğrunda çıxış edəcək. “B”-də mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya komandaları arasında olacaq. Qızlarda “A”-da Fransa, Rumıniya, Niderland və İspaniya, “B” qrupunda isə Macarıstan, İsveçrə, Çex Respublikası və Azərbaycan milliləri qarşılaşacaqlar. 

Həmin kateqoriyadan