Azərbaycan badmintonunda ilk! Edi olimpiadaya iddialılar arasında!

Ümumdünya Badminton Federasiyasının rəsmi saytında yeni olimpiya təsnifat əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahıya milli üzvü Edi Reski Dviçayo 28-ci sırada qərarlaşıb. O bu pilləyə cari ilin sentyabrında Ukraynada keçirilən yarışda 3400 xal qazanaraq yüksəlib. Təmsilçimiz olimpiya təsnifat turnirində gümüş medal qazanaraq, xallarını 13990-a çatdırıb. Badmintonçumuz hazırki siyahıda ABŞ idmançısı Timati Lam və rusiyalı Vladimir Malkov kimi badmintonçuları geridə qoymağı bacarıb.

Qeyd edək ki, bir sıra olimpiya idman növlərində olduğu kimi bu növdə də lisenziya olimpiya reytinq xallarına görə verilir. Həftəlik açıqlanan olimpiya təsnifat reytinqi hər çərşənbə axşamı yenilənir və https://bwfbadminton.com/rankings/13/race-to-tokyo-bwf-olympic-qualification/77/men-s-singles/2019/37/?rows=100&page_no=1 ünvanında yerləşdirilir.

Olimpiadada bu idman növü üzrə kişilərin şəxsi yarışında eyni ölkədən maksimum 2 nəfər iştirak etmək hüququ qazana bilər. Bu yalnız həmin ölkənin badmintonçularının Ümumdünya Badminton Federasiyasının 30 aprel 2020-ci ilə olan reytinqində 1-16-cı yerləri bölüşməsi sayəsində mümkündür. Əgər həmin reytinqdə müvaifq yerlər üzrə yalnız 1 idmançı yer alıbsa, o zaman həmin ölkə üzrə olimpiadada 1 badmintonçu təmsil olunur.

Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanır və buna əsasən müəyyənləşdirilir.

29 aprel 2019-cu il tarixində start verilən təsnifat mərhələsi, 26 aprel 2020-ci ildə bitəcək və 2020-ci il 30 aprel tarixində kişilərin şəxsi yarışı üzrə 2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək 38 badmintonçudan lisenziya əldə etmiş 34 badmintonçu müəyyən ediləcək. Yerdə qalan 4 lisenziyadan 1-i evsahibi Yaponiyaya, digər 3 vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək. Bütün kateqoriyalarda hər qitədən minimum 1 iştirakçı olimpiya oyunlarında təmsil olunmalıdır. Əgər 30 apreldə açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Ümumdünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına olimpiadada iştirak hüququ yaradılır. Hal-hazırda Ümumdünya Badminton Federasiyasının 37-ci badminton turnirləri həftəsi üzrə cari reytinq siyahısında http://bwf.tournamentsoftware.com/ranking/category.aspx?id=21993&category=472) 21530 xal ilə Edi Reski Dviçayo 84-cü sırada qərarlaşıb.

Hazırki durumda Edinin olimpiadaya qatılmaq üçün real şansı olsa da,bilirik ki,bizi qarşıda lisenziya uğrunda gərgin mübarizə gözləyir.Azərbaycan Badminton Federasiyası olaraq, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında badminton idman növündə ölkəmizi təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Məlumat üçün bildirək ki, buna qədər heç bir badmintonçumuz 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etməyə yaxın olmayıb.

Həmin kateqoriyadan