Azərbaycan karate federasiyaları assosiasiyasının ümumrespublika yığıncağı keçirilib

Bakı idman sarayında Azərbaycan karate federasiyaları assosiasiyasının (AKFA) rəhbərliyinin, karate idman növü üzrə hakim və məşqçilərin geniş tərkibdə iştirakı ilə ümumrespublika yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkənin 27 bölgəsindən 200-ə yaxın hakim və məşqçi heyətinin iştirak etdiyi iclasda əvvəlcə AKFA-nın idarə heyətinin üzvləri çıxış edərək, yeni rəhbərliyin seçilməsindən ötən 3 ay ərzində görülən işlərdən, gələcək planlardan söhbət açıblar.

AKFA-nın prezidenti Ülvi Quliyev, karate idman növü üzrə aparıcı federasiyaların təmsil olunduğu qurumun ötən qısa müddətdə dövlətin yürütdüyü idman siyasəti əsasında, gənclər və idman nazirliyinin tövsiyələri istiqamətində səmərəli fəaliyyətindən bəhs edib. AKFA prezidenti məşqçi və hakimlərin fəaliyyətinin yenidən qurulması, idmançıların, habelə hakimlərin yerli və beynəlxalq yarışlarda iştirakı, karate idman növündə mənfi tendensiyaların qarşısının alınması məsələləri ilə bağlı müvafiq təlimat əsasında assosiasiyanın həyata keçirəcəyi tədbirlər və nəzarət funksiyası haqqında da geniş məlumat verib.

Yığıncaqda çıxış edən AKFA-nın vitse-prezidenti Füzuli Musayev dövlət başçısının tapşırığı ilə idman sahəsində də islahatlar aparıldığını, həmin islahatların tərkib hissəsi kimi rəhbərliyində təmsil olunduğu qurumun işini yenidən və daha mükəmməl şəkildə quraraq karate ictimaiyyətinin birliyi naminə federasiya və klublarla əlbir olaraq çalışacağını dilə gətirib. 

Sonra iclasda iştirak edən məşqçi, hakim və idmançıların təklifləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı müxtəlif suallar cavablandırılıb və müvafiq qərarlar qəbul olunub. Toplantının AKFA-nın prezidenti Ülvi Quliyev tədbirin keçirilməsində mühüm təşkilati dəstəyə görə Bakı idman sarayının rəhbərliyinə və “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynova xüsusi təşəkkürlərini çatdırıb.

Həmin kateqoriyadan