Azərbaycan karate federasiyası qitə çempionatı üçün namizədliyini irəli sürüb

Avropa karate federasiyası növbəti videokonfrans keçirib. Allsport.az saytının məlumatına görə, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

WKF və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə vibinarda qitə təşkilatının icraiyyə komitəsinin üzvləri, o cümlədən AMKF-in prezidenti Yaşar Bəşirov, hakimlər və təşkilat komitələrinin rəsmiləri qatılıblar. Koronavirusun Avropada geniş yayılması səbəbindən, gələn ilin ilk yarısına nəzərdə tutulan qitə çempionatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı icraiyyə komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

2021-ci liin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Yaşar Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.

Həmin kateqoriyadan