“Azərbaycanda görülən işlər deməyə əsas verir ki, Avropa Oyunlarının parlaq gələcəyi var”

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın vəziyyətini öyrənmək, eləcə də bir sıra təşkilati məsələləri həll etmək üçün bəzi ölkələrin Milli Olimpiya komitələrinin və ya əlaqədar qurumlarının nümayəndələri Azərbaycana səfər edirlər. Allsport.az xəbər verir ki, Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Emzar Zenaişvili bu yaxınlarda həmin məqsədlə Bakıda olub və görülən işlərlə maraqlanıb.

Zenaişvili Azərbaycana səfərinin təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşüb: “İlk növbədə qeyd etməliyəm ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir. Bu günə qədər Amerikada, Sidneydə, Pekində və daha bir neçə ölkədə Olimpiya Oyunları keçirilib. Amma Avropa Oyunları Avropanın tarixində ilk dəfədir ki, keçirilir. Daha maraqlısı isə odur ki, bu oyunlar Azərbaycanın paytaxtında, bizim hamımızın sevdiyimiz gözəl Bakı şəhərində təşkil olunur. Ona görə də deyirəm ki, bu, çox mühüm, tarixi hadisədir”.

Başqa ölkələrdən olan həmkarları ilə birlikdə Bakıda və respublikanın regionlarında olduğunu vurğulayan baş katib gördüklərindən heyran qaldığını gizlətməyib. “Biz, Azərbaycanda həyata keçirilən islahatlardan, yeni tikililərdən, xüsusən də ilk Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlərdən məmnun qaldıq. Paytaxt Bakıda, eləcə də bölgələrdə – Mingəçevirdə, Qəbələdə, Qubada və digər regionlarda yaradılan şərait bizi valeh etdi. Paytaxtda yüksək səviyyəli əsl Olimpiya kəndi yaradılıb. Belə bir Olimpiya kəndi dünyanın heç bir yerində yoxdur. Bütün gördüklərimiz deməyə əsas verir ki, Avropa Oyunlarının parlaq gələcəyi var. Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu sübut edəcək və bu, Azərbaycanın vizit-katrı olacaq”.

Baş katib qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin əməyinin bəhrəsidir. Azərbaycan xalqı bunun müsbət nəticələrini bundan sonra görəcək. Mən görülən işlərə və yaradılan şəraitə, eyni zamanda, bizə göstərilən qonaqpərvərliyə görə bir daha Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Zenaişvili deyib ki, Gürcüstan dövləti və idmançıları Bakı Olimpiya Oyunlarına xüsusi olaraq hazırlaşırlar. Gürcüstanın cüdo, güllə atıcılığı, güləş, üzgüçülük və idmanın digər növlər üzrə idmançıları Bakıdan qələbə ilə dönməyi qarşıya məqsəd qoyublar. Dövlət bu sahəyə xüsusi diqqət yetirir. İdmançılar üçün xüsusi geyim forması da sifariş verilib. Çempionatda birinci, ikinci və üçüncü yerləri tutacaq idmançılar və komandalar üçün xüsusi mükafat fondu da müəyyən olunub. Ona görə də hesab edirəm ki, bizim idmançılarımız bu mübarizədən qalib ayrılmalıdırlar. Baş katibin sözlərinə görə, ilk Avropa Oyunlarını izləmək üçün Gürcüstan Prezidenti və Baş nazirinin, parlamentin deputatlarının da Azərbaycana səfərləri nəzərdə tutulub.

Həmin kateqoriyadan