AzAL Bakı-2015-in 6-cı rəsmi tərəfdaşı oldu

Bakı-2015 milli sərnişindaşıma şirkəti olan Azərbaycan Hava Yolları ilə rəsmi tərəfdaşlıq barədə müqavilə imzaladı. Allsport.az saytı xəbər verir ki, 1-ci Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığını artırmağa kömək məqsədilə AzAL bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər verəcək. Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanmasında Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcək.

 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov dedi: “Azərbaycan Hava Yolları ölkəmizi dünya ilə əlaqədə saxlamağa kömək edir və bu o deməkdir ki, Azərbaycan Hava Yollarının Rəsmi Tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmağı yerinə düşür. Azərbaycan Hava Yolları Azərbaycanda ən məşhur şirkətlərdən biridir və onlar Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında bizə kömək edəcəklər”.

 

Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

 

Azərbaycan Hava Yollarının 1-ci vitse-prezidenti Sabir İlyasov bildirdi: “Bakı 2015 Avropa Oyunları Azərbaycanda yüksək səviyyəli idman tədbirindən zövq almaq üçün dünyanı Bakıya gətirəcək gözəl fürsətdir. Rəsmi Tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim üçün qürurdur və biz Bakı 2015 brendini uçuşlarımızla bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik”.

 

Azərbaycan Hava Yolları P&G, Tissot, BP, Nar Mobile və ARDNŞ-a qoşularaq Avropa Oyunlarının altıncı Rəsmi Tərəfdaşı oldu.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Gələn il Avropanın ən güclü idmançılarını Bakıya gətirməkdə əhəmiyyətli rol oynayacaq bizim altıncı Rəsmi Tərəfdaşımız Azərbaycan Hava Yolları ilə bu əhəmiyyətli sazişi imzalamaqdan çox məmnunuq. Xidmətinin keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınmış Azərbaycan Hava Yolları Bakı 2015 Avropa Oyunlarının və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir”.

Həmin kateqoriyadan