“Biz ispanlara təslim olmaq haqda düşünmürük”

Millinin toplanışı ilə əlaqədar Bakıya dönən “Bayterek”in futzalçısı Hadı Əhmədi müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, klubdakı durum və Avropa çempionatının final mərhələsi barədə sualları cavablandırıb.

– “Bayterek”də işlərin necə gedir? Yeni klubuna adaptasiya olmusanmı?– Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim.

– Klubun şəraiti necədir?
– Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu.  Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir “dördlük”də yer alırıq.

–  “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmək ehtimalı varmı?
– Pley-off sistemi ilə keçirilir çempionat. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmək şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.

– Bizim futzalçılardan kimləri xəbər alırdılar?
– Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orda oynayıblar, turnirlərdə iştirak ediblər.

– Millinin toplanışı ilə əlaqədar Bakıdasan? Yəqin ki, Ukrayna ilə oyunları izləmisən?
– İzlədim və milli özünə bənzəmədi. Məncə, baş məşqçinin dediklərini icra edə bilmədi komanda yoldaşlarım. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda “axsadıqları”nı gördüm. Ola bilsin, az məşq ediblər və buna görə Alesionun istədiklərini icra edə bilməyiblər. Həm də bu yoldaşlıq oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.

– Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?
– Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz rəqibə təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Hersoqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.

Həmin kateqoriyadan