Cavid Allahverdiyev: Narkotik maddələr – tələdir!

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir.

Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə olub.

Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq, “mania” – cəzb etmə, ağılsızlıq deməkdir.

Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başlanıb. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.

Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər.

Odur ki, cəmiyyətimizi, gələcəyimizi qorumaq üçün Narkomaniya adlı tələdən uzaq olmaq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, narkomaniyaya qarşı mübarizədə görülən tədbirlər və onların nəticələri barədə əhalini, əsasən də yeniyetmə və gəncləri mütəmadi olaraq məlumatlandırmaq, eyni zamanda dövlət, qeyri-hökumət təşkilatları, xüsusilə gənclər təşkilatları ilə əməkdaşlıq edərək narkomaniyaya qarşı mübarizəni ümumxalq işinə çevirmək lazımdır.

Dünya narkotiklə mübarizə aparan
idmançılar federasiyasının Azərbaycan nümayəndəliyi üzrə rəhbəri
Cavid Allahverdiyev

Həmin kateqoriyadan