Dəyanət Mikayılov dünya kubokunun sahib çıxdı

Bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar qazanır. İdmançılarımız müxtəlif səviyyəli beynəlxalq turnirlərdə ildən-ilə daha yaxşı nəticələr göstərirlər. Avropa və dünya çempionatlarında qazanılan möhtəşəm uğurlar dünyaya səs salmaqda davam edir.

Belə xoş xəbərlərdən biri də Ukraynanın Odessa şəhərindən gəldi. Mayın 5-9-da həmin şəhərdə karatenin Qocyu-Ryu Kobudo növü üzrə (WGKF) 8-ci dünya kuboku uğrunda yarış keçirilib. Komandamız mötəbər yarışa WKC növləri üzrə Karate-Do Federasiyasının 30-a yaxın idmançısı ilə  yollanıb.

Yarışlarda uğurla çıxış edən millimiz 16 qızıl medal qazanmaqla 12 ölkə arasında 2-ci yeri tutub. Komandamızın heyətində Dəyanət Mikayılov (+80 kq) nümayiş etdirdiyi döyüşlərlə diqqət mərkəzində olub. O iki versiyada – qocyu-ryu  katada və iriqumi-juda  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, D.Mikayılov  buna kimi dəfələrlə MDB ölkələri arasında keçirilmiş beynəlxalq turnirlərin, Avropa və dünya çempionatlarının qalibi olub. 25 ildir peşəkar idmançı fəaliyyətini davam etdirən Dəyanət bizimlə söhbəti zamanı Azərbaycanı təmsil etməkdən qürur hissi keçirdiyini bildirdi: “Çempion olmaq duyğusu hər bir idmançı üçün çox vacib hallardan biridir. Bayrağımız ən yüksəkdə dalğalanır, dövlət himnimiz səslənir. Bu yarışda 12 ölkədən gəlmiş çox güclü idmançılar mübarizə aparırdı. Fərəhli haldır ki, növbəti dəfə etimadı doğruldaraq ölkəmizin aktivinə 2 qızıl medal yazdırdım”.

D.Mikayılov vurğuladı ki, qazanılan bütün uğurlar dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir: “Azərbaycanda idmana göstərilən qayğı göz önündədir. Əgər belə olmasaydı, hər dəfə uğurlu nəticələr göstərə bilməzdik. Dövlətimizin, xüsusən də Prezident İlham Əliyevin idmançılara dəstəyi və inamı böyükdür və biz də bu inamı doğrultmaq üçün əlimizdən gələni edirik. Məhz dövlət başçısının bizə göstərdiyi etimad və qayğı nəticəsində bu uğurlara nail oluruq. Prezidentin ölkədə və ondan xaricdə  təşkil olunmuş yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması vacib məqam kimi vurğulanmalıdır. Gənclər və İdman Nazirliyi də bizim üçün yaxşı şərait yaradıb.  Qarşıdakı yarışlarda da məqsədim qızıl medallar qazanıb ölkəmizin adını daim yüksəklərdə tutmaq, bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaqdır”.

Dünya çempionunu qarşıda yeni turnir – Gürcüstanda təşkil olunacaq Avropa çempionatı gözləyir. Hər bir idmançı iştirak etdiyi yarışlarda uğurlu nəticə əldə etmək, medal qazanmaq istəyir. İnanırıq ki, beynəlxalq yarışlarda qazandığı uğurlarla ölkəmizin adını zirvələrə qaldıran Dəyanət Mikayılov növbəti qələbələri ilə xalqımızı yenidən sevindirəcək.

Elçin CƏFƏROV, “Azərbaycan”

Həmin kateqoriyadan