- Baxış sayı: 17
- 27 İyul 2026 22:06
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

Bakıda güləş üzrə U-17 dünya çempionatının təntənəli mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, açılışda Azərbaycanın növbəti dəfə mötəbər idman yarışına ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, qarşıdakı bir həftə ərzində azarkeşləri yüksək səviyyəli mübarizə, maraqlı yarışlar və müxtəlif əyləncəli proqramlar gözləyir. Tamaşaçılar çempionatın bütün yarış günlərində milli gimnastika arenasına dəvət olunublar.
Tədbirdə Azərbaycan güləş federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. O bildirib ki, ölkədə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, müasir idman infrastrukturu, gənclərin idmana cəlb olunması və beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycan prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.
Federasiya rəhbəri U-17 dünya çempionatının yalnız medallar uğrunda mübarizə olmadığını, eyni zamanda gənc idmançıların potensiallarını nümayiş etdirdikləri, yeni dostluqlar qazandıqları mühüm beynəlxalq platforma olduğunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov yarışların ədalətli mübarizə şəraitində keçəcəyinə inandığını bildirib, təşkilat komitəsinə və çempionatın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib. Daha sonra U17 Dünya Güləş Çempionatını açıq elan edib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç də çıxış edərək Bakının növbəti dəfə dünya səviyyəli yarışa ev sahibliyi etməsinin önəmini vurğulayıblar.
Rəsmi hissədən sonra tamaşaçılara Azərbaycanın zəngin mədəni irsi ilə müasir idman ruhunu birləşdirən bədii proqram təqdim olunub.
“Bu gün dünya güləşinin ürəyi Bakıda döyünür” adlı kompozisiya idmanın yaratdığı dostluq, hörmət və birlik mesajlarını nümayiş etdirib. Səhnədə gənc güləşçilərin iştirakı ilə hazırlanan proqram müxtəlif ölkələri təmsil edən idmançıları və Azərbaycan mədəniyyətini bir araya gətirib.