Elnurla Mariana nazirin “torbasını tikir”. Başı bəlalı Gəncə şəhər stadionu üzərində oyunlar

Aprelin 1-ində premyer liqanın 28-ci turunda Gəncədə keçirilən “Kəpəz” və “Səbail” oyunu böyük müzakirə açıb. Gənclər və idman nazirliyin nəzdində olan şəhər stadionunun ot örtüyünün həddindən artıq bərbad olması KİV-də və sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Sözsüz ki, ilk qınanan dövlət idarəsi olub. Bu idman qurğusu illərdir təmirsiz durumdadır və dili olsa, “vicdanınız olsun, ölkənin 2-ci ən böyük şəhərinin stadionuyam, mənə də bir əl gəzdirin” deyər. Stadiona baxanda, Mədain xarabalıqları yada düşür. Ot örtüyünə gəlincə, lüğətdə elə bir söz tapmıram ki, ad qoyum. Hərçənd ADR-in ilk paytaxtı bütün yaxşılığa haqq edir. Hər dəfə Nizami yurdunda olunca, gəncəlilərin necə qonaqpərvər və böyük ürəyə sahib olmalarına şahidlik edirəm.

Mediada basqı və suallar o qədər çox olub ki, nazirlik təzyiqə tab gətirməyərək açıqlama verib: “Gəncə şəhər stadionu, Gəncə şəhər gənclər və idman baş idarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən, öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.

Sözü gedən komandanı AFFA maliyyələşdirir, yarışların təşkilinə isə PFL baxır. Ölkə çempionatı və 1-ci divizion Peşəkar futbol liqasının bayrağı altında keçirildiyindən, icazəni bu qurum verir. Amma nədənsə, bütün diqqət nazirliyə yönəldilib. Çünki “torpada pişik var”. Son günlər AGİN-in idman şöbəsinin müdiri Elnur Məmmədovun işi yaxşı getmir. Xəbər verdiyimiz kimi, onun keçmiş sürücüsü Emil dələduzluqda şübhəli bilinir. Xalaoğlunun nazirliyin tabeçiliyində olan idarə və komplekslərə işə düzəltmə adı ilə ayrı-ayrı şəxslərdən 8.500, 4.300 və 2 nəfərdən 6.500 manat aldığı söylənilir. Nə iş düzəlib, nə də pullar geri qayıdıb. Məsələ nazir Fərid Qayıbova çatınca, o, sürücünü işdən azad edib, onun özünü müvəqqəti də olsa, cəzalandırıb. İndi “Cənab 0:8” heyif almaq üçün əks-hücuma keçib.

Fevral ayında Milli gimnastika arenasında nazirin KİV-lə görüşərək, ona xəyanət edən yaxın ətrafına əzələ nümayiş etdirməsindən sonra, Elnur Məmmədov bolqar nazir müavini Mariana Vasilyevanın göstərişi ilə manevr etməyə başlayıb. O bu durumdan sui-istifadə edərək, PFL-in çevrəsində olan media ordusunu onlar özü hiss etmədən nazirliyə yönəldib. İlk baxışdan elə mənzərə yaranır ki, atılan oxlar ona da dəyir. Əslində isə, hədəf Fərid Qayıbovdur, sadəcə, izi itirmək üçün, “yaralanması” şərtdir.

Hamıya bəllidir ki, o, PFL-in yeni prezidenti Elxan Səmədovla yaxındır. Onların hətta dini baxışları eynidir. “Mötədillər” futbolda böyük qüvvəyə sahibdirlər və get-gedə güclərinə güc qatırlar. Bu idman növündə olan nüfuz – lazım gəldikdə – Fərid Qayıbovu qapamaq üçün əsas vasitədir. Əldə etdiyimiz bilgiyə görə, onların idmana bağlı müxtəlif şirkətlərdə adamları var, açıq və gizlin futbol mediasını maliyyələşdirirlər. Naziri, əsasən, rusdilli media, televiziyalar və ictimai-siyasi saytlar dəstəkləyir.

Mariana – Elnur tandeminin digər məkrli planı, nazirliyi tənqid edən jurnalistləri işsiz qoymaq, onların idman tədbirlərinə dəvət almasını və beynəlxalq yarışlarda qeydiyyatdan keçməsini əngəlləmək (özləri çalışan deyil, başqalarına da imkan vermirlər), beləliklə, ölkənin idman təbliğatını axsatmaq və dövlət siyasətinə qarşı çıxmaq; “qara siyahıları”nda olan meda mənsublarını daha aqresivləşdirmək, ölkədə idman mütəxəssislərindən və idman jurnalistlərindən güclü müxalifətin yaranmasına nail olmaq, bacarıqlı yerli məşqçiləri məmləkətdən didərgin salmaq, onları vətəndaşlıqdan imtinaya sövq etmək, yeni mühacirləri ölkə rəhbərliyinə qarşı qaldırmaqdır. Bu əks-Azərbaycançılar, məqsədli şəkildə, nazirlikdə yaxın çevrələri vasitəsi ilə ictimaiyyətə bunun Fərid Qayıbovun etdiyini və tapşırıq verdiyini yayaraq, hər vəchlə onu ləkələməyə və nüfuzdan salmağa çalışırlar.

Y.S. 1 aprel həm də dünyada gülüş günü kimi qeyd olunur. Cinahlarda mövqe tutan Mariana Elnur ikilisi üzdə gülərək, görünür, arxada hələ çox işlər çevirəcəklər.

Kamran HACI

Həmin kateqoriyadan