EYOF-un təntənəli açılışı

Bu gün “Büllur” sarayda Avropa gənclər olimpiya festivalının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkə başçısı İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva, Avropa olimpiya komitəsinin rəhbəri Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak etdilər.

Öncə dövlət himninin sədaları ilə milli qvardiyanın əsgərləri bayrağımızı təntənəli şəkildə meydana gətirərək ucaltdılar. Himndən sonra idmançıların keçidini ev sahibi – Azərbaycan tamamladı. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, Buenos Ayres 2018-in qalibi Vüqar Talıbov apardı.

Beynəlxalq olimpiya komitəsinin bayrağını səhnəyə olimpiya çempionlarımız Elnur Məmmədli (cüdo), Zemfira Meftəhddinova (atıcılıq), Nazim Hüseynov (cüdo), Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova və Lüdmila Şubina (hər ikisi – həndbol) gətirdilər.

Sonra Fəxriyə Tağızadə idmançılar, Ələkbər Həsənov hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və Olimpiya hərəkatının prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olmasını xatırladır. Sonra ən həyəcanlı an gəlib yetişdi. Afina olimpiadasının qalibi Fərid Mansurov EYOF-un məşəlini alov kasasında yandırdı.

Açılış mərasiminin daha bir maraqlı məqamı “Elementlər” adlanır. “Həyat kitabı”, “Od”, “Xarıbülbül gülü”, “Çörək” və “Zeytun budağı” – bu rəmzlərin hər biri adət-ənənələri, nəsillərin enerjisini və xalq mədəniyyətini özündə əks etdirir. Səhnədə artistlər qismində Azərbaycan Gimnastika Federasiyasının idmançıları çıxış edirlər.

“Həyat kitabı” – əcdadların müdrikliyi və ruhunun gücü insana doğru yol seçməyə kömək edir. Həyat kitabı müdriklik və bilik mənbəyidir.

“Od” – ruha və millətin gücünə inam atəşi. O, insanları ruhlandırır. Zərdüştlərin Atəşgah məbədi sönməyən alovu ilə əsrlər boyu bütün dünyanın zəvvarlarını cəlb edirdi: illər və əsrlər keçir, dünya dəyişir, məbəd isə yerində qalır və iztirab çəkən insanların yollarına nur saçır. Yerdən çıxan alov idmançılarımıza zəfərə gedən yolda hər zaman kömək edir.

“Xarıbülbül gülü” – görünməmiş gözəlliyə malik Xarıbülbül gülü yalnız Azərbaycanda bitir. Öz görünüşünə görə xarıbülbül gülü bülbülə bənzəyir: iki ləçək onun qanadları, mərkəzdəki bir ləçək isə dimdikli quş başına bənzəyir. Gülün adı da elə bundan əmələ gəlib: “xar” Azərbaycan dilində tərcüməsi “tikan”, “bülbül” isə – bülbül deməkdir. Bir çox əfsanə və rəvayətlər bu valehedici və zərif gül ilə bağlıdır.

“Çörək” – ananın bişirdiyi çörək yaşam gücü verir. Nəsil, inamın gücü və Vətən sevgisi qəhrəmanı zəfərə aparan yola gətirir. Bu an muğam səslənir. 2008-ci ildə UNESKO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri kimi elan edib.

“Zəfər” – idmançılara güc və çeviklik, enerji və dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. İndi bütün bu keyfiyyətləri gənc azərbaycanlı idmançılar arenada nümayiş etdirirlər. Bu idmançılardan hər biri, əlbəttə ki, zəfərin rəmzi olan zeytun budağına layiqdir.

Nəhayət, təntənəli mərasimin “Final” kompozisiyası başladı. Avropa Gənclər Yay Olimpiya Festivalının – “Bakı 2019”un hər bir iştirakçısı indi öz arzusunu, öz yolunu xatırlayır və ümid edir ki, bu yol onu qələbəyə aparacaq. Bütün idmançılara uğurlar, layiqli rəqiblər və qələbə əzmi arzulayırıq. Qoy, doğma evi xatırladan çörək, arzuya aparan alov, əcdadların güc və müdrikliyini verən kitab, sülh və sevgi rəmzi olan xarıbülbül hər zaman onlarla olsun. O zaman zəfər rəmzi olan zeytun budağının başlarının üzərində ucaldılacaq an daha da yaxınlaşacaq.

Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə dalğalandı.

Həmin kateqoriyadan