Fərid Mansurov: Karatedə güclü rəqabət hiss olunur

Gənclər və idman nazirliyində Almaniya karate1 premyer liqasında fərqlənən milli üzvləri ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda idman şöbəsinin müdiri Fərid Mansurov, AMKF-in prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və yığmanın baş məşqçisi Şahin Xudaverdiyev, medalçılar Rafael Ağayev, İrina Zaretska və Firdovsi Fərzəliyev iştirak ediblər.

Olimpiya çempionumuz əvvəlcə idmançıları təbrik edərək deyib: “Yarışları izləmişəm. Hər zaman uğurlarınızın bol olmasını arzu edirəm. Karatedə güclü rəqabət hiss olunur. Rafael Ağayevin hər zaman 1-ci yeri tutmasına öyrəşmişik. O bu dəfə gümüş medal qazanıb. Komandanın bütün üzvlərindən Tokio-2020 olimpiya oyunlarında yüksək nəticələr gözləyirik. Dövlətimizin göstərdiyi diqqət və qayğı idmançıları həvəsləndirməlidir. İdmançılarımızdan zədəsiz döyüşlər və medallar gözləyirik”.

Yaşar Bəşirov yığma üzvləri ilə görüş təşkil etdiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib: “Hazırda karate idman növündə vəziyyət yaxşıdır. Bu yarışa ondan artıq idmançımız qatıldı. Biz 72 ölkə arasında ilk səkkizliyə düşə bildik. Əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir. Məşqlərimiz davam edəcək və idmançılarımız növbəti yarışlara hazırlaşacaqlar”.

Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev isə çox çətin rəqiblərə qarşı çıxış etdiklərini, idmançıların etimadı doğrultduqlarını deyib: “Bu turnirdə güclü reytinqə malik idmançılar iştirak ediblər. Hər ölkənin güclü idmançıları bu yarışlarda nəticə göstərməyə çalışırlar. Turnirdə hakimlərin müəyyən səhvləri oldu. Buna baxmayaraq biz Vətənə medallarla qayıtdıq. Öz idmançılarımla fəxr edirəm”.

Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan