Fariz Nəcəfov titulunu qoruyan idmançı ilə görüşdü

“Qəbələ” idman klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb. Allsport.az xəbər verir ki, görüşdə idmançının “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Əmirovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Klub prezidenti Moskvada keçirilən qarşılaşmada qələbə qazanaraq yüngül çəkidə (70,3 kq) çempion titulunu qoruyan Nərimanı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb:

“Hər bir azərbaycanlı çalışdığı sahədə ölkə üçün faydalı olmağa səy göstərməlidir. Nəriman da əlindən gələnin ən yaxşısını bu döyüşdə nümayiş etdirərək ölkəmiz və klubumuz adına qələbə qazandı”.

Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasov “Qəbələ” idman klubuna göstərdiyi dəstək üçün təşəkkür ediblər. Onlar vurğulayıblar ki, əsas məqsədləri uğurlarını daha da artırmaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaqdır.

Həmin kateqoriyadan