“Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, məqsəd və vəzifələr müəyyənləşdi”

“Dekabr ayı kifayət qədər intensiv, məhsuldar oldu. Həm idman, həm də gənclər sahələrində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldı”. Allsport.az saytı xəbər verir ki, bu fikir gənclər və idman naziri Fərid Qayıbovun dekabr ayı ərzindəki fəaliyyətlə bağlı qeydlərində əksini tapıb. O, hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya İdman kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanışlıq oluğunu qeyd edib.

Müxtəlif idman növləri üzrə bölmələrin məşqləri müşahidə edilib, idmançılarla və məşqçi-müəllimlərlə fikir mübadiləsi aparılıb, onların problemləri dinlənilib. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanları da görüşlərdə müzakirə edilib. Ötən ay güləş, badminton, basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvondo federasiyalarının hesabat-seçki yığıncaqlarının keçirildiyini qeyd edən nazir vurğulayıb:

“Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı. Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyasının yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik. Uğur qazanmış idmançılar da diqqət mərkəzində olub. Ötən ay şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanları barədə müzakirə apardıq”.

“Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya və Kubanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirdik. Ölkəmizdə səfərdə olan Beynəlxalq boks assosiasiyasının və Avropa şahmat ittifaqının prezidentlərini, Dünya etnosport konfederasiyası və Beynəlxalq abilimpiya federasiyasının nümayəndələri ilə fikir mübadiləsi apardıq.

Milli olimpiya komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan olimpiya hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur. İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq”, – deyə nazir qeydlərində vurğulayıb.

Həmin kateqoriyadan