İbrahim Yusubov da gümüş medal qazanıb

İbrahim Yusubov da gümüş medal qazanıb

Bu gün Qətər paytaxtı Dohada ilk dünya çimərlik oyunlarında güləşçilərin çıxışına vurulub. Allsport.az saytı xəbər verir ki, 80 kq-da İbrahim Yusubov (şəkildə soldan 4-cü) “A” qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib.

Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb. 

Oyan Nəzərili (+90 kq) “B” qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan 3-cü yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından bahadırımız 4-cü yerlə kifayətlənib.

Xatırladaq ki, bir gün öncə Pənah İlyaslı (70 kq) Dünya Çimərlik Oyunlarının gümüş medalını qazanıb.

Həmin kateqoriyadan