Bölgələrdə güləşin inkişafı və mövcud çətinliklərin müzakirəsində Pərvin Piriyev hansı tapşırıqları verib?

Bölgələrdə güləşin inkişafı və mövcud çətinliklərin müzakirəsində Pərvin Piriyev hansı tapşırıqları verib?

Azərbaycan güləş federasiyasının (AGF) bölgə üzrə əlaqələndiriciləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 nümayəndəlik yaradılıb. Toplantıda əlaqələndiricilərin vəzifə öhdəlikləri, fəaliyyət hazırlıqları, bölgələrdə bu idman növünün inkişafı və mövcud çətinliklər müzakirə olunub. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.

2 gün davam edən proqram çərçivəsində iştirakçılar AGF-nin strukturu və strategiyası, regional inkişaf strategiyası, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazası ilə bağlı təqdimatlarla tanış olublar.

Görüşün ilk günündə AGF-nin strukturu və strategiyası barədə ətraflı məlumat verilib, regional inkişaf strategiyası təqdim olunub. Sonra bölgələrin inkişaf istiqamətləri üzrə dəstə işi aparılıb və fəaliyyət müzakirə edilib. Bu çərçivədə regional səviyyədə hədəfinlərin müəyyənləşdirilməsinə və qarşıdakı dövr üçün görüləcək işlərin hazırlığına diqqət yetirilib.

Proqramın 2-ci günündə baş katib Pərvin Piriyevin rəhbərliyi ilə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasının fəaliyyəti, eləcə də sənəd və şablonlardan istifadə qaydaları barədə təqdimatlar keçirilib. Həmçinin regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçirilib.

Günün davamında əlaqələndiricilər hər birində 3 nəfər olmaqla komandalara bölünüb. Onlar verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayaraq çıxış ediblər. Fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, iştirakçılar arasında komandaqurucu oyunlar təşkil olunub. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə, ünsiyyətin inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edib.

Tədbirin əsas məqsədi regional fəaliyyətin koordinasiyasını gücləndirmək, idarəetmədə vahid yanaşmanı təmin etmək və ölkəmizdə güləşin davamlı inkişafına töhfə vermək olub. Görüş qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, koordinatorlar arasında təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Həmin kateqoriyadan