- Baxış sayı: 120
- 19 Oktyabr 2026 19:40
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək dünya çempionatı üçün güləş millilərinin heyəti bəlli olub. Allsport.az xəbər verir ki, AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katibi Pərvin Piriyev iştirak ediblər. Söhbət zamanı milli komandaya uğurlar arzulanıb və yarışda ölkəni təmsil edəcək güləşçilərin adları açıqlanıb.
Oktyabrın 20-də isə Quba olimpiya idman kompleksində sərbəst güləş üzrə millinin üzvləri ilə görüş keçirilib. Toplantıda iştirak edən adı çəkilən AGF rəsmiləri komandaya uğurlar arzulayıb və heyət açıqlanıb.
Mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi yığması start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.
Sonra növbə qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında məharətini göstərəcək.
Çempionatın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Cioyev (86 kq), Əli Sokayev (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaqlar.
“Barıs arena”da yarışda gündüz tutaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam görüşləri isə 17:00-da başlayacaq. Olimpiya dərəcəli referilər Asif Şirəliyev və Sədi Quliyev bu rəqabətdə ədaləti qoruyacaqlar.