İlk Avropa Oyunlarının əcnəbi “İdman elçiləri” kimlərdir?

Bu gün Bakı-2015  “İdman elçisi” seçilmiş əcnəbi atletləri təqdim edib. Allsport.az saytı xəbər verir ki, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və ilk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Fransalı bədii gimnast Kseniya Moustafayeva və danimarkalı kanoe sprintçisi Rene Holten Poulsen, o cümlədən, serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3×3 komandası idman elçisi təyin ediliblər.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən Azərbaycanlı medal namizədlərinin ilk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də Bakı-2015-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”.

6idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər. Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Bulut Domoviç  deyib: “3×3 formatlı basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı 2015-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik”.

19 yaşlı xanım Moustafayeva bildirib: “Bakı 2015-də Gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”.

2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı Poulsen söyləyib: “Bakı-2015-də keçiriləcək kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”.

Bakı 2015 bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim etmiş və yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.

Moustafaeva Poulsen Serbia Basketball 3x3

Həmin kateqoriyadan