İslam oyunları öncəsi Mərakeş karate-1 premyer liqasında

Kişilərdən ibarət əsas komandamızın üzvləri 14-16 apreldə Mərakeşin paytaxtı Rabatda növbəti karate-1 premyer liqasında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, bu nüfuzlu yarışa 6 idmançımız yollanır. Federasiyanın 1-ci vitse-prezidenti və millinin baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov əsasən 4-cü İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyətin mübarizə aparmasına üstünlük verib.

Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin legionerlərimiz İrina Zaretska (68 kq) və Dorota Balsiarova (kata) Mərakeşə yola düşür.

Onlardan başqa beynəlxalq hakim Cahangir Babayev və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov da premyer liqaya ezam olunub. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.
Ayın 13-də səfərə çıxan heyət 5 gün sonra Bakıya dönəcək.

Həmin kateqoriyadan