“iTicket” Avropa gənclər yay olimpiya festivalının rəsmi bilet satış təminatçısı oldu

Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi və “iTicket” arasında razılığa gəlinib. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, iTicket.az Bakı-2019-un rəsmi bilet satış təminatçısı və dəstəkçisi olub. 

GİN-in mətbuat xidmətinin məlumatına görə, 2016-cı ildən fəaliyyət göstərən iTicket.az konsert, teatr, idman və əyləncəvi təşkilatların onlayn və oflayn bilet satışını gerçəkləşdirir. 2017-ci ildən etibarən iTicket.az 4-cü İslam həmrəyliyi oyunları, Formula1 üzrə Azərbaycan qran-prisi, qadın voleybolçular arasında Avropa çempionatı-2017, çempionlar liqasınının qrup mərhələsi, BMX dünya velosiped çempionatının, JARA’18 musiqi festivalının, cüdo üzrə dünya çempionatı-2018 və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.

Xatırladaq ki, Avropa gənclər yay olimpiya festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan