Kabe Verde 1/8 final dayandı, “Qarabağ”ın futbolçusu qırmızı vərəqə aldı

“Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabe Verde millisi Afrika millətlər kubokunda 1/8 final oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Seneqalla matçın start heyətində meydana daxil olan yarımmüdafiəçi, 21-ci dəqiqədə aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.

O, öncə sarı vərəqə alıb. Lakin baş hakim VAR-a baxdıqdan sonra əvvəlki qərarını ləğv edib və Andradeyə Seneqalın oyunçusu Pap Quyenin ayağına qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib. Maraqlıdır ki, Pap Quye həm də konfrans liqasının 1/16 finalında “Qarabağ”ın rəqibi olan “Marsel”in (Fransa) dayaq yarımmüdafiəçisidir. Beləliklə, bu futbolçuların növbəti dəfə klub səviyyəsində qarşılaşmaq ehtimalı var.

Əlavə edək ki, Kabe Verde millisi Afrika millətlərkKubokunda Sadio Manenin lideri olduğu Seneqala 0:2 hesabı ilə uduzaraq 1/8 finalda mübarizəni dayandırıb. Yaxın günlərdə Andradenin “Qarabağ”ın düşərgəsinə qoşulacağı gözlənilir.

Həmin kateqoriyadan