“Qarşıda ciddi sınaqlar var”

“Qarşıda ciddi sınaqlar var”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə liqa kubokunun 1/8 final mərhələsində “Bornmut”a 0:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının çıxışından məyus olduğunu bildirib:

“Məyusuq. “Aston Villa”ya gəldiyim vaxtdan bu stadionda dörd dəfə oynamışıq. Qələbə qazanmışıq, heç-heçə etmişik, bu gün isə uduzduq. Halbuki oyunun xarakteri əvvəlki qarşılaşmalarla eyni idi. Burada kompakt oynamaq və rəqibə qol imkanları yaratmağa şərait verməmək lazımdır. Qapıçının etibarlı çıxışı və müdafiədə komanda şəklində hərəkət etmək vacib idi. Hazırda məhz bu istiqamətdə çalışırıq.

Hücumda əvvəlki səfərlərimizlə müqayisədə daha təhlükəli idik, amma bu dəfə fürsətlərdən istifadə etmək üçün soyuqqanlılığımız çatmadı. İrəli baxmalı, baş verənləri təhlil etməli və müsbət məqamları nəzərə almalıyıq. Teylor Harvud-Bellis, Marko Bizot və Qoretska oynamaq imkanı qazandılar, Qarnaço isə 30 dəqiqə meydanda oldu. Bu, futbolçuların özünəinamını artırmağa, oyun sistemimizi daha yaxşı anlamağa, hazırkı səviyyəmizi və premyer liqada “Bornmut” kimi komandalarla qarşılaşarkən üzləşdiyimiz çətinlikləri dərk etməyə kömək edir.

Futbolçuları qınamaq üçün səbəb görmürəm. Onlar çalışırdılar, biz təzyiq göstərirdik. İlk dəqiqələrdə çətinlik çəkdik, çünki rəqib çox yüksək intensivliklə oynayır. İkinci hissəyə də eyni tempdə başladılar. Bunu bilirdik və qarşısını almağa çalışdıq, amma bacarmadıq. Onlar qollar vurdular, biz isə yaratdığımız imkanlara baxmayaraq fərqlənə bilmədik. Turnirlə vidalaşdıq, lakin qarşıda bizi hələ çox ciddi sınaqlar gözləyir”.

Həmin kateqoriyadan