Karate camiyəsi Naxçıvanda nələri müzakirə edib?

Məlum olduğu kimi, bu yaxınlarda milli karate federasiyasının prezidenti Yaşar Bəşirov və dünya şotokan federasiyasının prezidenti Əsəd Dəlihəsənin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olublar. Allsport.az saytı xəbər verir ki, həmin səfər çərçivəsində WSF-in idarə heyəti üzvlərinin toplantısı keçirilib. İclasda qarşıda duran bir sıra məsələlər müzakirə olunub, yeni tərkib elan edilib, eyni zamanda Azərbaycan idman ictimaiyyəti, karate-do idman növü ilə məşğul olanlar üçün mühüm qərarlar qəbul edilib və WSF-nin daha da məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub.

Naxçıvanda keçirilən görüşülərin əsas məqamları və qəbul edilən qərarlarla bağlı Naxçıvandan yenicə qayıtmış “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov məlumat verib. O bildirib ki, Azərbaycanın dünya idman arenasında nüfuzunun möhkəmlənməsi baxımından keçirilən görüşlər və nəticələri uğurlu olub. Naxçıvanda keçirilən görüşlərin əsas məqamlarına toxunan qonağın sözünə görə, dünya şotokan federasiyası ilə dünya karate federasiyası arasında bir neçə ay davam məsləhətləşmə və müzakirələr nəticəsində cari ilin oktyabr ayında WSF-nin akkreditasiyası baş tutub. Bu ilin noyabrın əvvəlində isə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XI şotokan Avropa çempionatının gedişində isə WSF idarə heyətinin yenidən formalaşdırılması üzrə növbəti toplantısının dekabrın 5-7-də Naxçıvanda keçirilməsi barədə qərar qəbul olunub: “Belə bir qərar qəbul olunmasında təbii ki, bu ilin mayında Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş karate üzrə beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsinin, Azərbaycanda, həmçinin Naxçıvanda karate idman növünə göstərilən böyük marağın, o cümlədən son zamanlar idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmələrinin WSF rəhbərliyi tərəfindən qiymələndirilməsi böyük rol oynayıb”.

Dekabrın 6-da WSF idarə heyəti üzvlərinin Naxçıvanda keçirilən son toplantısı barədə məlumat verən Yavər Hüseynov Azərbaycan karateçiləri üçün əlamətdar hesab edilən yeniliklərdən bəhs edib: “İclasda qarşıda duran bir sıra məsələlər müzakirə edilib, nüfuzlu beynəlxalq təşkilatın daha məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub. Bu toplantı onunla əlamətdar olub ki, İdarə heyətinin yeni tərkibdə yığıncağı baş tutub. Dünya Şotokan Federasiyasının prezidenti və İdarə Heyətinin qərarına əsasən, Naxçıvan Muxtar Respublikası karate-do federasiyasının sədri Fazil Ələkbərov dünya şotokan federasiyasının birinci vitse-prezidenti seçilib. Ümumiyyətlə, WSF-nin idarə heyətinin yeni tərkibinə daxil olublar: Dünya Şotokan Federasiyasının prezidenti: Əsəd Dəlihəsən, birinci vitse-prezident: Fazil Ələkbərov, vitse-prezidentlər: Yaşar Bəşirov, Kaxa Basiliya,  Xeyrəddin Xəmirçi, baş katib: Ərcumənd Daşdəmir. Eyni zamanda toplantıda qəbul edilən mühüm qərarlar sırasında Arpaçay Karate Klubunun baş məşqçisi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun dünya şotokan federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi və təbliğat işlərini gücləndirmək məqsədi ilə Sənan Məhərrəmovun WSF-nin media işləri katibi təyin olunması bizim üçün əlamətdar olub”. 

“Arpaçay”ın prezidenti Yavər Hüseynov Azərbaycan karate cameəsi üçün xoş xəbər hesab ediləcək daha bir mühüm hadisə barədə məlumat verib. Onun sözünə görə, WSF-nin prezidenti Əsəd Dəlihəsənin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri zamanı Naxçıvanda beynəlxalq yarışların keçirilməsi müzakirə edilib və müvafiq qərar qəbul edilib: “Dünya Ştokan federasiyasının hər il mütəmadi olaraq təşkil edilən karatenin bu növü üzrə dünya kubokunun bu il Naxçıvanda (Azərbaycanda ilk dəfə olaraq) keçirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu mötəbər yarış 16-18 oktyabr 2020-ci il tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya kompleksində keçiriləcək. Təxmini hesabalarımıza görə, yarışda 40-a yaxın ölkədən olan 1000-dən artıq idmançı mübarizə aparacaq”.

Sonda Yavər müəllim qeyd edib ki, yeni mərhələyə qədəm qoyan dünya şotokan federasiyasının Asiyada 40 ölkə, Afrikada 48, Avropada isə 50 olmaqla 138 üzvü var, həmçinin Okeaniya və PanAmerika dövlətlərinin də WSF-yə üzv olması üzərində işlər gedir.

Həmin kateqoriyadan