Karate üzrə ölkə çempionatlarının açılışı olub

Bu gün Bakı idman sarayında karate üzrə yeniyetmə və gənclərin 19-cu, ustalar arasında isə 26-cı Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə parad olub. Müstəqilliyimizin və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək, idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Federasiya prezidenti bildirib ki, yarış növbəti il üçün heyəti formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çempionatın qalibləri milli komandanın heyətinə cəlb olunacaq və gələn il keçiriləcək mötəbər turnirlərdə ölkəmizi təmsil edəcəklər. Hazırda dünyada karate idmanında böyük rəqabət var. Azərbaycan 200 ölkə arasında ilk beşlikdə qərarlaşıb və bu, çox yaxşı göstəricidir. Hər bir ölkə Tokio-2020-yə daha çox lisenziya qazanmaq istəyir. Bu, bizim də əsas hədəfimizdir.

“Azərbaycan karateçiləri beynəlxalq arenada ciddi rəqib kimi qəbul olunurlar. Sevindirici haldır ki, bizim Rafael Ağayev kimi titullu karateçimiz var. Onun medal kolleksiyasında yalnız olimpiya medalı yoxdur. İnanırıq ki, Rafael Ağayev Tokio Olimpiadasında bu medalı da kolleksiyasına əlavə edərək bizi sevindirəcək”, – Yaşar Bəşirov əlavə edib.

Azərtac.az-ın məlumatına görə, millimizin lisenziya xarakterli turnirlərə ciddi hazırlaşacağını deyən federasiya rəsmisi sonda çempionatı açıq elan edib. Azərbaycannın dövlət himni səsləndirilib. Tədbirdə çempionatın görüşlərini idarə etmək üçün Türkiyə, Gürcüstan, Qazaxıstan və İrandan dəvət olunmuş hakimlərə xatirə hədiyyələri verilib.

Açılış mərasiminə karateçilərin nümunəvi çıxışları ilə yekun vurulub. Qeyd edək ki, gənclər və idman nazirliyinin, milli və karate-do federasiyalarının birgə təşkil etdiyi çempionatda müxtəlif bölgələrindən uşaqlar, yeniyetmələr, gənclər və ustalar mübarizə aparırlar. Yarışa noyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan