Karate üzrə seminar və Xətai rayonun birinciliyi

Fövqəladə hallar nazirliyinin Hövsan qəsəbəsində yerləşən idman-sağlamlıq mərkəzində Xətai rayon icra hakimiyyəti, Xətai gənclər və idman idarəsi və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş gününə açıq çempionat keçirilib. Allsport.az saytı xəbər verir ki, həm kata, həm də kumite yarışlarında idmançıların güclərini sınadığı turnirdə 10-u Azərbaycanın regionlarından, 10-u Bakı şəhərindən, 1-i isə Rusiya federasiyasından olmaqla 21 karate klubu iştirak edib. Ümumlikdə yarışda 250 nəfərdən çox idmançı medal uğrunda mübarizə aparıb.

Qeyd edək ki, yarışın açılış mərasimində Xətai rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev, milli karate federasiyasının nümayəndələri, o cümlədən “Arpaçay”ın prezidenti Yavər Hüseynov, klubun baş məşqçisi Vüqar Kərimov və digərləri iştirak ediblər. Turnirin baş hakimi karate üzrə beynəlxalq dərəcəli hakim V. Kərimov olub.

Gərgin mübarizə şəraitində keçən turnirdə qazanılan medal sayına görə “Arpaçay” 1-ci, “Qara qaplan” 2-ci, “Buta-Sumqayıt” klubu 3-cü yerə sahib olub.   

Onu da xatırladaq ki, turnir çərçivəsində iyun ayının 11-də fövqəladə hallar nazirliyinin idman-sağlamlıq mərkəzində FHN-in idman-sağlamlıq klubunin rəisi, ikiqat dünya çempionu Füzuli Musayevin rəhbərliyi ilə seminar keçirilib. Məşğələdə 250-dək uşaq və yeniyetmə karateçi iştirak edib.

Həmin kateqoriyadan